“Sabahkı oyun bizim üçün çox önəmlidir. Əvvəlki görüşdən öncə də demişdim ki, xalqınız üçün tarixi andır. Çox istəyirəm ki, özümü Azərbaycan xalqının bir hissəsi kimi hiss edim".

Unikal.org xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi Xorvatiyada Monteneqro ilə keçirəcəkləri UEFA Millətlər Liqasının V tur matçından əvvəl mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis meydanda bütün bacarıqlarını göstərməyə çalışacaqlarını bildirib. Bununla yanaşı, o, kifayət qədər məşq etmək imkanlarının olmadığını diqqətə çatdırıb. Baş məşqçi heyətdəki problemlərdən də danışıb:

"Komandada Təmkin Xəlilzadənin səhhəti ilə bağlı narahatlıq var. Ondan əlavə, Anton Krivotsyuk cəzalı olduğu üçün komandaya kömək edə bilməyəcək. Sabahkı oyunda heyətdə beş dəyişiklik olacaq".

De Byazi qapıçı mövqeyindəki rəqabətdən də danışıb:

"Sevindirici haldır ki, milli komandanın iki güclü qapıçısı var. Onlardan əlavə Mehdi Cənnətov və Aydın Bayramovu da qeyd etmək lazımdır. Hamısı bir-biri ilə çox mehribandır və aralarında sağlam rəqabət var".

Təcrübəli mütəxəssis oyun planındakı problemlərə də diqqət çəkib:

"Burada olduğum müddətdə 27 dəfə məşq keçirmişik. Məni narahat edən məsələ yaratdığımız imkanlardan istifadə edə bilməməyimizdir. Gec-tez bunu da bacaracağıq. Əsas məsələ topu hücum xəttinə, cərimə meydançasına çatdırmaqdır. Bundan əlavə, imkan düşdükcə uzaqdan zərbələr endirməliyik. Bu işlər birdən-birə olmur. Zamanla bu problemi də aradan qaldıracağıq".

Qapıçı Şahruddin Məhəmmədəliyev isə deyib:

“Emil Balayevlə yaxşı həmkar, dost və qardaş münasibətimiz var. Onunla rəqabət aparmaq çətindir. Xalqımızın qələbə qazandığı vacib günlərdə biz də çalışacağıq meydandan qalib kimi ayrılaq”.

Qeyd edək ki, noyabrın 14-də Zapreşiç şəhərində keçiriləcək Azərbaycan - Monteneqro matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.