Futbol üzrə Türkiyə milli komandası növbəti oyununu keçirib.

Unikal.org xəbər verir ki, qardaş ölkə təmsilçisi Millətlər Liqasının V turunda Rusiya ilə qarşılaşıb.

B liqasının 3-cü qrupunun İstanbulda baş tutan görüşü məhsuldar alınıb. Rusiyalılar Denis Çerışevin erkən qolu ilə hesabı açıb.

Lakin qrup liderinin üstünlüyü uzun sürməyib. 24-cü dəqiqədə qırmızı vərəqə alan Andrey Semyonovun meydanı tərk etməsindən sonra say üstünlüyü qazanan Şenol Günəşin yetirmələri qısa müddətdə iki qol vurub. Kenan Karaman və Çengiz Ündər 7 dəqiqəyə vurulan toplarla “ay-ulduzlular”ı hesabda önə çıxarıb.

Fasilədən sonra Cenk Tosun penaltini dəqiq yerinə yetirərək fərqi iki topa çatdırıb. Amma rusiyalılar Daler Kuzyayevin qolu ilə hesabdakı fərqi yenidən minimuma endirib.

Beləliklə, turnirdə ilk qələbəsini qazanan Türkiyə yığması A liqasına yüksəlmək şansını ən azı günün ikinci matçına qədər qoruyub. Macarıstan xal itirsə, “ay-ulduzlular” son tura da ümidlə çıxacaq. Türkiyə yığması bu üstünlüyü sonadək qorumağa müvəffəq olub. Qrup lideri olan şimallılar isə ilk məğlubiyyətini alıb.

Qeyd edək ki, qrupun bu gün keçiriləcək digər oyununda Macarıstan Serbiyanı qəbul edəcək. Noyabrın 18-də baş tutacaq son turda Macarıstan Türkiyə, Serbiya isə Rusiya ilə ev matçına çıxacaq.