Nazirlər regionlara səfərə çıxır
Nazirlər regionlara səfərə çıxır

İkinci Quba probleminin yaranmaması üçün hakimiyyət yeni taktikasını işə salıb

Əyalətlərdə vəziyyətin kritik olduğu bir vaxtda yeni-yeni problemlərin meydana çıxması artıq hakimiyyət üçün başağrısına çevrilib. Elə bu səbəbdəndir ki, bir sıra tədbirlərin görülməsinə zərurət yaranıb. Atılacaq addımlarla bağlı verilən məlumatlarda isə yaxın günlərdən etibarın başlayacağı gözlənilir.

Məmurlar əyalətlərə
səfərə yollanır

Quba olaylardan sonra həssas bir dövrün başladığının fərqinə varan hakimiyyət dairələri yeni iğtişaşların meydana çıxmaması üçün tədbirlər görməyə başlayıb. Bu barədə "Unikal"a etibarlı mənbələrdən məlumat daxil olub.
Məlumatı verən mənbənin bildirdiyinə görə, məlum hadisələri araşdırdıqdan sonra işin içində sosial və iqtisadi problemlərin əsas tətikləyici rola malik olduğu üzə çıxıb. Rəsmi dairələr isə problemi çözmək üçün təcili tədbirlərin görülməsinə başlayıb.
Məlumatda deyilir ki, yaxın günlərdən etibarən ölkənin bütün nazirləri regionlara səfər edərək, əhali ilə birbaşa görüşlər keçirəcəklər. Həmin görüşlərdə şikayətlər dinləniləcək, qeydə alınacaq və həlli istiqamətində addımlar atılacaq. İndiyə qədər bu tip tədbirlərin müsbət nəticə verdiyini yəqinləşdirən iqtidar mənsubları artıq qərarlarını qətiləşdiriblər.
Bu dəfəki taktikanın özəl tərəfi isə odur ki, nazirlər kurasiyalarında olan rayonlarla yanaşı, digər rayonlara da baş çəkəcəklər. Quba hadisələrindən sonra bunun vacib olduğunun fərqinə varan dairələr hesab edirlər ki, başqa şəkildə narazılıqları aradan qaldırmaq mümkün olmayacaq. Elə hakimiyyətin siyasi institutları da bu fikirlər tam razıdırlar və təklifləri də belədir ki, Yaxın Şərqdə baş verən olayların Azərbaycanda təkrarlanmaması üçün əhali ilə açıq görüşlər keçirilməlidir.

Yardımlıda bir kəndin
məktəb dərdi

Nazirlərin səfərindən öncə isə baş verən əyalət problemləri bir sıra gərginliklər üçün əsaslar yaradır. Həmin sıxıntılardan biri də Yardımlı rayonunun Honoba kəndində baş verməkdədir. Yardımlı rayonunun Honoba kəndində orta məktəblərin qapıları il boyu bağlı olur. Məmur özbaşınalığından və təhsilsizlikdən əziyyət çəkən kənd sakinləri bildiriblər ki, onlar artıq rəsmi qurumlara şikayətçi düşüblər.
Honobalılar deyirlər ki, bir müddət əvvəl kəndlərindəki orta məktəbin binası təmir olunanda seviniblər. Lakin sonradan məlum olub ki, üzə bəzək olan bu məktəbdə təhsil verilmir və bunun üçün yetərli qədər bəhanə də tapılıb. Həmin bəhanələrdən biri isə guya, havaların soyuq keçməsidir. Yəni, hava soyuq olduğu üçün müəllimlər dərsə gəlmirlər.
Bizə danışan yardımlılar deyirlər ki, müəllimlər bir başqa yöndən də şagirdləri dərsdən soyudurlar. Belə ki, onlar şagirdləri müxtəlif bəhanə ilə dərsə gəlməkdən yayındırırlar. Bu azmış kimi, Honoba kənd orta məktəbində dərs deyən müəllimlərin savad və təhsil probleminin də olduğu deyilir. "Bizim məktəbdəki müəllimlərin özlərinə dərs keçmək lazımdır. Çünki onların yarısı ya savadsızdır, ya da ali təhsili yoxdur. Əksər müəllimlər isə orta məktəbdə zəif oxuyanlar olublar".
Yardımlının Honoba kəndindəki orta məktəbdəki kompyüterlərin aqibəti isə kimsəyə bəlli deyil. Düzdür, həmin avadanlıqlar satılmayıb və otaqlardan birinə yerləşdirilərək, ağzı da bağlanıb. Amma şagirdlərin onlardan istifadə etməsinə imkan verilmir. "Kompyüterləri ayrıca otağa yığaraq, qapısını da qıfıllayıblar. Heç bir şagird ora daxil olaraq, kompyüterdən istifadə edə bilmir. Hətta buna icazə belə verilmir".
Dəfələrlə Yardımlı rayon Təhsil Şöbəsinə edilən şikayətlərin isə əhəmiyyəti olmayıb. Sakinlər deyirlər ki, Bakıya da bununla bağlı müraciət ediblər və onlardan tədbir görülməsini istəyiblər.

Gənclər də regionlarda görüş keçirir

Bütöv Azərbaycan Gənclər Təşkialtı və Gənclər Klubu İB tərəfindən yardılan Vətəndaş Koalisiyası 31 martdan regionlarda görüşlərə başlayıb. Koalisyanın ilk görüşü BAGT-nin Oguz şöbəsinin üzvləri tərəfindən Oguzda təşkil edib. Görüşdə Koalisiyanın həmtəsisciləri Ruslan İzzətli və Zaur Əkbər iştirak edir.
Ruslan İzzətli bildirib ki, aprel 1-də Koalisiya olaraq ilk görüş Oguz rayonunda oldu: "Oguz rayon rəhbərliyi görüşümüzə hər vəchlə təsir edirdi. BAGT Oguz şöbəsinə tədbir kecirmək üçün icazə vermirdi. Buna baxmayaraq biz görüşlərlərimizi kecirdik. Rayon mərkəzində gənclərlə, etnik azliqlarin icmalariyla görüşdük. Oguzun Qarabaldir kəndində olduq. Kifayət qədər problemlər var. İnsanlarla dövlət arasinda ciddi bir üçürüm var. Çox təəssüf ki rəsmi qurumlar bu problemləri görməzlikdən gəlir və diqqət ayırmır. Muəyyən məsəllər var Koalisiya rəhbərliyi olaraq onları qeydə aldiq və Bakıya qayıdan kimi bu məsələni qaldiracağıq". Bildirilir ki, gənclər dünən Şəkidə görüş keçiriblər. Şəkidə gənclərlə, rayon ziyalılarıyla görüşlər keçirən koalisiya onların problemlərini dinləyiblər. Bu gün isə Göyçayda görüşlər təşkil olunacaq.
Cavid Qarabağlı