İtaliya polisi Ndranqeta mafiyasına qarşı mübarizə çərçivəsində ölkənin cənub əyalətlərindən biri olan Kalabriyada yüksək çinli siyasətçini və daha 18 şəxsi həbs edib.

Unikal.org xəbər verir ki, mətbuatın yaydığı məlumatlarda həbs edilən siyasətçinin bu əyalət parlamentinin prezidenti Domeniko Tallini olduğu bildirilir və hazırda onun ev dustaqlığında olduğu qeyd edilir. İddia olunur ki, həmin siyasətçi cinayətkar Qrande Arakri ailəsinin bir sıra məsələlərdə icazənamələr ala bilməsi üçün süni şəkildə inzibati prosesləri sürətləndirib. Cinayətkar klan həmin icazələrdən Kalabriyada apteklər şəbəkəsi qurmaq üçün istifadə edib. Bu “xidmət”in əvəzində isə cinayətkarlar həmin siyasətçini 2014-cü ilin noyabr ayında keçirilən regional seçkilərdə dəstəkləyiblər.

Digər şəxslərə qarşı isə qanunsuz silah saxlama, şantaj, təhlükəsizlik qüvvələrinə qarşı zor tətbiqi, oğurlanmış malların saxlanması və digər maddələr üzrə cinayət işi açılıb. Cinayət təhqiqatı Kalabriyada mafiya klanlarına qarşı cinayət təqibində məşhurlaşan prokuror Nikola Qratteriyə həvalə olunub.

Qeyd edək ki, Kalabriya İtaliyanın digər regionlarla müqayisədə ən kasıb bölgəsidir və orada mafiya qruplarının geniş fəaliyyətinə görə tanınır. Mafiya qruplarının ictimai-siyasi həyata nüfuzu daim narahatlıq doğurur regionun inkişafını əngəlləyən səbəblərdən biri kimi göstərilir. Bu yaxınlarda dövlət təyinatı əsasında regionda fəaliyyət göstərən səhiyyə komissarı vəzifəsindən on gün ərzində üç nəfər istefa verməyə məcbur olub.