Füzuliyə gələn hər bir insan özünə sual verir - müharibə nədir, dağıntılar nədir? Hər kəsin, hər bir insanın, ailənin istədiyi inkişaf və sülhdür.

Unikal.org xəbər verir ki, bunu Azərbaycanın işğaldan azad olunan Füzuli şəhərinə səfər edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Avropa İttifaqının Azərbaycan və regionla sülh, inkişaf üçün əməkdaşlıq etdiyini deyən K.Yankauskas bildirib: “Ümid edirik ki, gələcəkdə belə hadisələr baş verməyəcək, yalnız sülh və əmin-amanlıq olacaq. Bura gələn hər kəs görür ki, müharibə, dağıntılar, sülh nədir. Bunlar göstərir ki, müharibə ilə sülh arasında hansı ziddiyyət var. Bu səfəri təşkil etdiyi üçün Azərbaycan rəsmilərinə təşəkkürümü bildirirəm ki, bütün bunları öz gözlərimizlə görə bildik”.

Qeyd edək ki, bu gün ölkəmizdəki diplomatik korpusun nümayəndələri, o cümlədən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Ermənistan silahlı qüvvələrinin işğalından azad olunmuş Füzuli şəhərinə səfər ediblər.

Səfərin məqsədi diplomatları və hərbi attaşeləri Füzuli şəhərində Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər, cinayət izləri ilə yerindəcə tanış etməkdir.