Ermənistanın sabiq prezidenti Robert Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan baş nazir Nikol Paşinyanın 19 oktyabrda müharibənin dayandırılması üçün aparılan danışıqlarla bağlı açıqlamasına münasibət bildirib.

Unikal.org xəbər verir ki, Soqomonyan Paşinyanı xalqa yalan danışmaqda ittiham edib.

"Paşinyanın bugünkü iki yazısı haqqında: o, həmişəki kimi yalan danışır. Daha ətraflı növbəti həftənin gedişatında şərh edəcəm" - Koçaryanın ofisindən bildirilib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağa dair danışıqların döyüş əməliyyatları zamanı necə getdiyi barədə bəyanat yayıb. O, müharibənin dayandırılması ilə bağlı müxalifəti məlumatlandırdığını bildirib.

Paşinyanın sözlərinə görə, oktyabrın 19-da Qarabağ separatçılarının rəhbəri Arayik Arutyunyan ona zəng edərək müharibənin dayandırılmalı olduğunu deyib: "Arayik tək öz fikrini deyil, həm də Arkadi Qukasyan və Bako Saakyanın, eləcə də Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyanın mövqeyini çatdırıb".