"Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsi kimi tarixə yazılan üçtərəfli bəyanata əsasən, Dağlıq Qarabağın heç bir xüsusi statusu olmayacaq. Bu, işğalçı Ermənistan hakimiyyətinin “Artsax" adlı qondarma dövlətinin heç zaman həqiqətə çevrilməyən xəyal olduğunu göstərdi".

Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkili Rusiya prezidenti Vladimir Putinin "Rossiya 1" telekanalına müsahibəsinə də toxunub: "Vladimir Putin Ermənistanın belə qondarma “Dağlıq Qarabağ”ın müstəqilliyini və suverenliyini tanımadığını xatırladaraq: “Bu, o deməkdir ki, beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”, - dedi. Və bu gün 2020-ci il noyabrın 10-da imzalanan birgə bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı tədbirlər davam etdirilir. Bəyanatın müddəalarına əsasən, Rusiya tərəfi əvvəlcədən müəyyən edilmiş kvotaya uyğun şəkildə sülhməramlılarının Dağlıq Qarabağın ərazisində yerləşdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirib. Yerləşdiriləcək kontingentin bir hissəsi Ermənistandan gəlməklə Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağa daxil olub. Noyabrın 28-də Rusiyadan ölkəmizə dəmir yolu vasitəsilə daxil olan hərbi qulluqçular, avtomobil və xüsusi texnika, o cümlədən digər maddi-texniki təminat vasitələri müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçib. Sülhməramlılar üçün nəzərdə tutulan yük noyabrın 29-da Yalama-Bakı-Yevlax-Bərdə dəmiryolu marşrutu üzrə Bərdə şəhərinə çatdırılıb. Vaqonlardan boşaldılan yüklər əvvəlcədən planlaşdırılmış qaydada Azərbaycan Müdafiə Nazirliyi Hərbi Polisinin müşayiəti altında Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil nəqliyyatı vasitəsilə təyinat məntəqəsinə yola salınıb".

Naqif Həmzəyev qeyd edib ki, sülhməramlı qüvvələrin ehtiyacı üçün tələb olunan yüklərin Azərbaycan və Rusiya arasında imzalanmış müvafiq protokola uyğun olaraq Azərbaycan vasitəsilə həyata keçirilməsi ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətin nümunəsidir: "Bununla yanaşı Rusiyanın beynəlxalq hüquqa, Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə sadiqliyinin əyani göstəricisi kimi dəyərləndirilir. Rusiyanın məsələ ilə bağlı nümayiş etdirdiyi mövqe Dağlıq Qarabağa humanitar yardım göstərmək istəyən beynəlxalq təşkilatlar üçün də nümunə ola bilər. Eyni zamanda üçtərəfli bəyanat, Azərbaycan və Rusiyanın öhdəlikləri məsuliyyətlə yerinə yetirməsi regionumuzda təhlükəsizliyin möhkəmlənməsi işinə yaxşı zəmin yaradacağını nümayiş etdirir".

 

Coşqun Əli