"Şöbə üçün son bir ilin ən mühüm yekunu isə bundan ibarətdir ki, dövlətimizin başçısının qarşıya qoyduğu tapşırıqların icrası nəticəsində Azərbaycanın siyasi həyatı daha konstruktiv dinamikaya köklənmiş, yersiz qarşıdurma, siyasi ittiham, inciklik, süni hüquqi maneələrlə bu və ya digər siyasi xadimlərin və qüvvələrin marginallaşdırılması, partiyalar, siyasi qüvvələrarası ifrat qütbləşmə, bir-birini qəbul etməmək, ayrı-ayrı şəxslərə, bəzən şübhəli dairələrə xidmət etmək, sifariş əsasında hansısa qurumları hədəfə gətirmək kimi olduqca mənfi meyillər, demək olar ki, aradan qaldırılmışdır. Obrazlı desək, ölkədə gedən quruculuq işləri, islahat kursu, nəhayət ki, partiya təsərrüfatına da çatmışdır".

Unikal.org xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin "Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi" adlı məqaləsində öz əksini tapıb.

Məqalədə qeyd olunub ki, bu ilin fevral ayında şöbə tərəfindən aparılmış ilk monitorinqin nəticəsində müəyyən edilib ki, dövlət qeydiyyatında olan 55 siyasi partiyadan 8-nin sədri vəfat edib, 6-sının sədrinin səlahiyyət müddəti nizamnamə ilə tənzimlənməyib, mövcud siyasi partiyaların bir çoxunun uzun illərdir (bəzən 20 ilə qədər müddətdən söhbət gedir) ya sədri yoxdur, ya da sədr adına iddia edən şəxslər legitim deyillər:

"Nəinki sədrlər, uzun illər qurultayları keçirilmədiyindən 21 siyasi partiyanın heç bir ali orqanları seçkili və legitim sayılmırdı. 7 siyasi partiya isə qanunvericiliyin tələblərini nəzərə almadan maliyyə hesabatlarını Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etməmişdir. Beləliklə, onlarla partiyanın legitimliyi şübhə altında idi. Yalnız 16 partiyanın qurultayı nizamnaməyə uyğun keçirilmiş və yeni sədrin seçilməsi ilə əlaqədar müvafiq sənədlər Ədliyyə Nazirliyinə təqdim edilmişdi.

"Sonralar da görüşlər davam etdirilmiş, artıq real fəaliyyətdə olan 52 partiyadan 51-nin rəhbəri ilə təkrar görüşlər keçirilmişdir. Görüşlərdə səsləndirilən fikir və təkliflər araşdırılaraq, müvafiq addımlar atılmışdır. Zaman məhdudiyyəti qoyulmayan görüşlərdə müstəqilliyin qorunması, milli həmrəylik, korrupsiyaya qarşı mübarizə, iqtidar-müxalifət dialoqunun inkişafı, yeni siyasi konfiqurasiyanın formalaşması, Prezidentin islahatlar kursu, çoxpartiyalı sistemin inkişaf perspektivləri, ölkənin tolerant və sülhpərvər imicinin qorunması, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz siyasəti və digər aktual ictimai-siyasi mövzular müzakirə edilmişdir.

“Prezident Administrasiyasının nümayəndələri son vaxtlar, demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Mənə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilir. İndiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq olmadan həyata keçirilə bilməz... Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq”.

Noyabrın 8-də Şuşanın işğaldan azad olunması münasibətilə 50 siyasi partiya Prezident, Müzəffər Ali Baş Komandanı təbrik edərək, bu qələbəni illərlə yürüdülmüş müdrik siyasətin, siyasi uzaqgörənliyin, iqtisadi islahatların, xalqın iqtidara göstərdiyi yüksək etimadın, xalq-dövlət vəhdətinin ən ali təcəssümü olduğunu bildirmişlər. Azərbaycanın yaxın siyasi tarixində ilk dəfə olaraq radikal müxalif qanadı təmsil edən AXCP və Müsavat rəhbərləri də qazanılmış qələbə münasibətilə Müzəffər Ali Baş Komandanımızı, milli Ordumuzu və Azərbaycan xalqını təbrik etmiş, onları qələbənin əsas müəllifləri adlandırmışlar.

Yaranmış yeni sağlam mühit təşəbbüskar gənclərin siyasi birliklərdə iştirakını artıracaq, eyni zamanda, sağlam rəqabət aparmağa qabil olmayan qüvvələr siyasi səhnəni gec-tez tərk edəcəklər. Prezident İlham Əliyev deyib: “Mən yeni siyasi islahatlar proqramını təqdim etmişəm, o, bütün siyasi partiyaların mütləq əksəriyyəti tərəfindən dəstəklənib... Biz siyasi dialoqun çox aktiv fazasındayıq”.