Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.

Qazax rayon prokurorluğundan Unikal.org-a verilən məlumata görə, Qazax rayon sakini 1996-cı il təvəllüdlü Mustafayev Kənan Xəlil oğlu “Covid-19” virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, 30.11.2020-ci il tarixdə Qazax rayonu ərazisində yerləşən mağazaya gedərək rayon sakinləri ilə təmasda olmaqla epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Qazax rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.