10 noyabrda imzalanmış üçtərəfli bəyanatdan sonra Ermənistanda kütləvi iğtişaşlar çərçivəsində döyülən parlamentin spikeri Ararat Mirzoyanın başına gələnlərlə bağlı yeni iddialar gündəmə gəlib.

Unikal.org xəbər verir ki, Ermənistanın "Hraparak" qəzeti bu barədə araşdırma yazısı dərc edib. Materialda qeyd olunur ki, spikerə hücum edən şəxslərlə onun mühafizəçiləri arasında toqquşma yaşanıb. Ararat Mirzoyanın mühafizəçiləri bu minvalla vaxt qazanmağa çalışıblar. Onlar Ermənistan Milli Təhlükəsizlik Xidməti ilə əlaqəyə keçib kömək tələb etsələr də, bu vaxt qurumun rəhbəri Sarkis Hovanisyan yerində olmayıb. Təhlükəsizlik Xidməti lazımi qüvvəni göndərməkdən imtina edib. Mühafizəçilər bir müddət də spikeri qorumağa çalışaraq dəstək qüvvəsi gözləməyi bacarıblar. Amma köməyə gələn olmayıb və hücum edənlər avtomobildə olan A.Mirzoyanın ətrafındakı canlı səddi yarmağı bacarıblar. Nəticədə o ağır şəkildə döyülüb və xeyli ciddi bədən xəsarətləri alıb.

Qəzetin Milli Təhlükəsizlik Xidmətinə bu mövzuda sorğusuna cavab olaraq, məlumatların sirr olduğunu bildiriblər. Qeyd olunur ki, hadisəyə göz yumulduğu təəssüratı yaranıb və spikerin döyülməsinə qəsdən şərait yaradılması ilə bağlı əsaslı şübhələr var.