"Mən dəfələrlə bu məsələni qaldırmışam. Koçaryan və Sarkisyan -  bu hərbi cinayətkarlar mütləq beynəlxalq ədalət mühakiməsinə cəlb olunmalıdırlar".

Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə səsləndirib.

Millət vəkili qeyd edib ki, onlar məhkəmə qarşısında cavab verməlidirlər:

"Törətdikləri cinayətlərə görə mütləq cəzalandırılmalıdırlar. Xocalı soyqırımı və digər etnik cinayətlərin törədilməsində Sarkisyan və Koçaryan iştirak ediblər. 90-cı illərdə onlar bir çox hərbi cinayətlər törədiblər. Onlarla yanaşı, son hərbi əməliyyatlar zamanı Gəncə və digər şəhərlərimizə raket hücumları təşkil edib mülki əhalimizin nümayəndələrinin həlak olmasına səbəb olan indiki cinayətkarlar da əməllərinə görə qanun qarşısında cavab verməlidirlər".

Asim Mollazadə beynəlxalq birliyin münasibətindən də danışıb: "Cinayətkar cəzasız qalanda əməllərinə davam edir və cinayətlərini təkrarlayır. Buna görə də beynəlxalq ictimaiyyət insanlıq əleyhinə bu cür cinayətkarlıq aktları törədən canilərə qarşı səssiz qalmamalıdır. Onlar beynəlxalq təsisatlar tərəfindən cəzalandırılmalıdırlar".

Serj Sarkisyan və Robert Koçaryan cütlüyünün erməni xalqına qarşı törətdiyi qanunsuz əməllərə və cinayətlərə də toxunan deputat bildirib: "Bir məsələni də diqqətə çatdırmaq istəyirəm ki, münaqişədən əvvəl Qarabağda adi "komsomol"çu olan insanlar - kombinatda "komsomol" katibi və təşkilat rəhbəri olan Koçaryan və Sarkisyan indi dünyanın ən zəngin adamlarından birinə çevriliblər. Onların milyardları var. Erməni xalqını da soyublar və öz xalqlarına qarşı da iqtisadi cinayətlər törədiblər. Düşünürəm ki, erməni xalqı da bu cinayətkarların ədalət mühakiməsinə cəlb olunmasında maraqlı olmalıdırlar. Çünki başqa yolu yoxdur. Bunların yenə də məqsədi ondan ibarətdir ki, yenidən Ermənistanda hakimiyyəti ələ keçirsinlər, azərbaycanlıların qanını töksünlər və erməni xalqının hesabına daha da varlansınlar".

Coşqun Əli