Niderlandda fəaliyyət göstərən "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri, Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva antropoloq Entoni Holslaqın erməni böhtanına söykənən birtərəfli mövqeyini sərt tənqid edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Unikal.org-a verilən məlumata görə, “Trouw” qəzetində dərc olunmuş cavab məqaləsində M.Ağamirzəyeva bildirib ki, sözügedən nəşrin 20 noyabr 2020-ci il tarixli buraxılışında niderlandlı antropoloqun "Azərbaycanın Dağlıq Qarabağı ələ keçirməsinin arxasında soyqırım planı dayanır" kimi təəssürat yaratmağa çalışması kökündən yanlışdır. Çünki Dağlıq Qarabağ münaqişəsi başlayandan etnik təmizlənməyə, Xocalı soyqırımına məruz qalan, öz vətənində məcburi köçkün durumuna düşən Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonun azərbaycanlı əhalisi olub. O, xatırladıb ki, həmin 7 rayonda heç vaxt ermənilər yaşamayıblar, 1992-1993-cü il işğalından sonra Kəlbəcərdə və digər rayonlarda məskunlaşan ermənilərin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq torpaqlarımızı tərk etməsi qanunauyğundur.

Müəllif xüsusilə nəzərə çatdırıb ki, "Dağlıq Qarabağın Sovetlər dövründə Azərbaycana verildiyi" iddiası tamamilə yalandır. Beynəlxalq birlik və təşkilatlar Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu Azərbaycan ərazisi kimi tanıyıb. Buna nümunə olaraq BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi göstərilib.

Azərbaycanın öz ərazilərini Ermənistanın işğalından azad etmək və milyona yaxın məcburi köçkün durumuna düşmüş vətəndaşını doğma evlərinə qaytarmaq hüququna malik olduğunu xatırladan müəllif vurğulayıb ki, münaqişənin sülh yolu ilə həll olunmasına dair 30 illik danışıqlar nəticəsiz qalıb və Ermənistan işğalçı siyasətinə son qoymayıb.

Ermənistanın işğalçı və etnik təmizləmə siyasətindən Holslaqın söz açmadığına diqqəti cəlb edən M.Ağamirzəyeva məqalənin sonunda Azərbaycan Prezidenti İlham Əliyevin "Mübarizəmiz Dağlıq Qarabağda yaşayan və Azərbaycan vətəndaşı olan erməni əhalisinə qarşı deyil. Biz erməni işğalçılarına qarşı mübarizə aparırıq" fikrini xatırladıb.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.trouw.nl/opinie/genocide-in-nagorno-karabach-die-suggestie-wekken-is-zeer-kwalijk~bd40119c