44 günlük Vətən Müharibəsində Azərbaycana tarixi qələbəni qazandıran, şübhəsiz, müzəffər ordumuz oldu.

Unikal.org xəbər verir ki, məhz şücaətli Azərbaycan igidlərinin sayəsində xalqımız illərlə düşmən tapdağında qalan yurd yerlərimizin yadelli tapdağından azad olunmasına şahidlik etdi.

Heç şübhəsiz, bu qələbə dövlətimizin uzun illər gördüyü hazırlığın nəticəsi idi. Daim maddi-texniki baxımdan gücləndirilən Silahlı Qüvvələrimizə dövlətimiz hər zaman xüsusi qayğı ilə yanaşıb.

Elə bu məqsədlə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularımız üçün yeni dəstək aksiyasının həyata keçirilməsinə başlayıb.

Aksiya çərçivəsində bu gün işğaldan azad olunmuş Qubadlı rayonunda hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaların çatdırılıb.

Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə “Bravo” supermarketlər şəbəkəsinin nümayəndələri işğaldan azad olunmuş ərazilərə səfər edərək bağlamaları hərbi qulluqçularımıza çatdırıblar, həmçinin, əsgərlərimizlə söhbət edərək onların istəklərini qeydə alıblar.