Dünya Güləş Birliyi (UWW) 2021-ci ilin yarış təqviminə dəyişikliklər edib.

Azərbaycan Güləş Federasiyasından Unikal.org-a verilən məlumata görə, buna səbəb pandemiyanın daha da güclənməsidir.

Daha öncə yanvarda keçirilməsi planlaşdırılan Matteo Pellikone turniri mart ayına təxirə salınıb. Reytinq xarakterli yarış martın 4-dən 7-dək İtaliyanın paytaxtı Romada keçiriləcək.

Fevralda təşkili nəzərdə tutulan Avropa çempionatı isə apreldə baş tutacaq. Aprelin 19-dan 25-dək Polşanın paytaxtı Varşavada qitənin ən güclü güləşçiləri müəyyənləşəcək. Varşavada reytinq xarakterli turnir də keçiriləcək. Bu yarış isə 8 - 13 iyunda olacaq.

Gələn ilin ilk lisenziya yarışı sayılan Avropa Olimpiya Təsnifat turniri öz vaxtında - 18 - 21 martda Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Amma Dünya Olimpiya Təsnifat turniri daha öncə açıqlanan tarixdən bir həftə sonra gerçəkləşəcək. Olimpiadaya son lisenziyaların veriləcəyi yarış mayın 6-dan 9-dək Bolqarıstanın paytaxtı Sofiyada baş tutacaq.

Qeyd edək ki, gələn ilin ilk beynəlxalq yarışları yanvarın ortalarında Fransa (Nitsa) və Xorvatiyada (Zaqreb) keçiriləcək Qran-pri turnirləri olacaq.