Daxili İşlər Nazirliyi Qazax rayonunun Aslanbəyli kənd sakini Söylü Eminovanın on dörd baş iribuynuzlu mal-qarasının itməsi barədə sosial şəbəkələrdə paylaşılan iddialarla bağlı açıqlama verib.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Unikal.org-a bildirib ki, iddialarla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırmalar aparılıb: “Dekabrın 20-də  Qazaxın Aslanbəyli kənd sakini S.Eminovanın oğlu Teymur Eminov DİN-nin “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək yaşadığı kəndin ərazisində  ona məxsus on dörd baş iribuynuzlu mal-qarasının itməsi ilə bağlı müraciət edib. 

Müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları dərhal həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalarla mal-qaranın məhz sahibinin nəzarətsizliyi nəticəsində kənddən xeyli aralanaraq itdiyi müəyyən edilib. Hazırda Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşa məxsus  mal-qaranın tapılması istiqamətində zəruri tədbirlər görülür”.