Dekabrın 28-də Türkiyə Respublikasının Ticarət Nazirliyinin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün “Beynəlxalq poçt göndərişləri və elektron ticarət sahəsində gömrük nəzarətinin həyata keçirilməsi, o cümlədən rəsmiləşdirmə prosedurları” mövzusunda videokonfrans formatında seminar keçirilib.

Unikal.org xəbər verir ki, seminarın açılışında çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov Azərbaycan və Türkiyə arasındakı münasibətlərin sarsılmaz təməllərə dayandığını, Prezident İlham Əliyevin də vurğuladığı kimi  iki ölkə arasındakı dostluq, strateji tərəfdaşlıq münasibtlərinin  dünya üçün nümunə olduğunu bildirib.  İsmayıl Hüseynov diqqətə çatdırıb ki, xüsusilə işğal altındakı ərazilərimizin azad olunması istiqamətində apardığımız Vətən müharibəsi zamanı Türkiyənin göstərdiyi  dəstək qardaşlığımızı dünyaya bir daha nümayiş etdirdi.

Komitə sədrinin birinci müavini bütün sahələrdə olduğu kimi gömrük işinin təşkili istiqamətində də iki ölkənin aidiyyəti qurumlarının səmərəli və işgüzar münasibətlər formalaşdırdığını diqqətə çatdırıb.  Mütərəqqi yeniliklərin öyrənilməsi, əməkdaşların potensialının gücləndirilməsi və digər sahələrdə  daim türkiyəli həmkarları  ilə təcrübə mübadiləsi aparıldığını və qardaş ölkənin hərtərəfli dəstəyinin gömrük orqanlarının inkişafında da mühüm rol oynadığını bildirib.  Hazırda Türkiyənin ölkəmizin ikinci ən böyük ticarət tərrəfdaşı olduğunu vurğulayan İsmayıl Hüseynov ticarət həcminin daha da artırılması üçün bütün zəruri addımların atılacağına əminliyini ifadə edib.

Türkiyə Ticarət Nazirliyinin departament rəisi Osman Nuri Beyhan çıxış edərək Vətən müharibəsindəki qələbə münasibətilə təbriklərini çatdırıb və müharibənin gedişində iki ölkə arasındakı münasibətlərin dostluğun, qardaşlığın real həyatdakı nümunəsi olduğunu bildirib. Ölkələrimiz arasında bütün sahələrdə səmərəli və işgüzar əməkdaşlığın qurulduğunu, gömrük işi sahəsində atılan addımların da münasibətlərin gücləndirilməsinə töhfə verməklə yanaşı, regional inkişafın  sürətlənməsində mühüm rol oynayacağını diqqətə çatdırıb.

Daha sonra Türkiyə Ticarət Nazirliyinin əməkdaşı Nazlı Yaşar “Beynəlxalq post göndərişləri və E-ticarət əməliyyatlarına dair gömrük rəsmiləşdirməsi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda mövzu ilə bağlı qanunvericilik, əldə edilən təcrübə və digər məsələlərlə bağlı seminar iştirakçılarına ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb