"Cənab prezidentin nüfuzlu beynəlxalq təşkilatlarda Ermənistanın işğalçı siyasətini ifşa etməsi, bu torpaqların tarixi Azərbaycan əraziləri olması barədə gerçəklərin yayılması bir hüquqi baza da formalaşdırmışdır".

Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

Millət vəkili qeyd edib ki, hərbi əməliyyatların az çəkməsinin səbəbi Ermənistanın müharibəyə az hazırlaşdığının göstəricisi deyil. "Düşmən bu torpaqları heç zaman Azərbaycana qaytarmayacağını düşünürdü. Orada çox güclü mühəndis-istehkam qurğuları qurmuşdular. Xaricdən erməni kökənli terrorçular gətirmişdilər. Digər addımlar atırdılar. Bununla paralel olaraq Ermənistan böyük bir mif yaratmışdı. Guya Ermənistan ordusu məğlubedilməzdir. Diasporlarına da çox arxayın idilər. Diaspora vasitəsilə Azərbaycana xarici təzyiqləri artıracaqlarını və Azərbaycanın qarşısını bu yolla ala biləcəklərini düşünürdülər. Amma Azərbaycanın müzəffər ali baş komandanı, cənab prezidentimiz İlham Əliyevin qurduğu strategiya, ordumuzun rəşadəti, diplomatiyadakı uğurlarımız, informasiya sahəsində cənab prezidentin verdiyi müsahibələr, o cümlədən müharibəyə qədər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Ermənistanın işğalçı dövlət olmasının dünyaya bəyan edilməsi, cənab prezidentin nüfuzlu beynəlxalq təşkilatlarda Ermənistanın işğalçı siyasətini ifşa etməsi, bu torpaqların tarixi Azərbaycan əraziləri olması barədə gerçəklərin yayılması bir hüquqi baza da formalaşdırmışdır".

Cavid Osmanov əlavə edib ki, bütün bunların fonunda Ermənistan tərəfi həm də orduları ilə bağlı məğlubedilməzlik mifinin dağılmasını gördü: "44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu düşməni məğlubiyyətə uğratdı və biz həmçinin erməni faşizmi üzərində qələbə çaldıq. Azərbaycan bu yolla BMT-nin məlum 4 qətnaməsini icra etməklə yanaşı, Ermənistanın havadarlarına da qalib gəldi. Ermənistanın indiki hərbi-siyasi rəhbərliyi, parlamenti, diaspora – Ermənistanda hər kəs acı məğlubiyyətlərini etiraf edirlər. Azərbaycan Ordusu müzəffər ali baş komandanın rəhbərliyi ilə düşmənə gözəl bir dərs keçdi. Onlar düşünürdü ki, Azərbaycana qarşı sanksiyalar tətbiq ediləcək, hər hansı yolla müharibəni saxlamağa nail olacaqlar, ölkəmizə siyasi təzyiqlər olunacaq. Əslində bunların hamısı da var idi. Hətta bu günə kimi Fransa prezidentinin simasında görürük ki, təzyiqlər davam edir və olub. Fransanın, Belçikanın, Niderlandın və Lüksemburqun parlamentlərinin qondarma rejimin tanınması ilə bağlı saxta qətnamələr qəbul etməsi göz önündədir. Amma bütün bunlar bölgədə yaranmış real vəziyyətə təsir etmir. Çünki cənab prezidentimiz o siyasi təzyiqlərin hər birinə sinə gərməyi bacardı. Ermənistan Azərbaycanın gücü qarşısında məğlubiyyəti etiraf etmək məcburiyyətindədir. Ermənistan artıq yaxşı başa düşüb ki, onların 30 il boyunca formalaşdırdığı ideya iflasa uğrayıb. Onların ümid etdiyi hər şey artıq tarixdə qaldı. Düşmən uduzduğunu etiraf edir. Azərbaycan haqq-ədaləti bərpa etdi".

Coşqun Əli