"Azərbaycan Ordusunda dəfələrlə homoseksualizm faktları qeydə alınıb"
"Azərbaycan Ordusunda dəfələrlə
homoseksualizm faktları qeydə alınıb"

Yaşar Cəfərli: "Səfər Əbiyev Qarabağ Müharibəsi dövründə həmişə çalışıb ki, məsuliyyətli işlərdən kənarda qalsın"

Sıravi əsgər Ceyhun Qubadovun öldürülməsi ölkədə geniş rezonans doğurdu və istər-istəməz bütün diqqət orduda baş verənlərə yönəldi. Biz də "Unikal" qəzeti olaraq diqqətimizi orduya yönəltdik. Hərbi ekspert Yaşar Cəfərliyə ünvanladığmız suallar...

-Yaşar bəy, müşahidələrə görə, hər ay Azərbaycan Ordusunda, hərbçilərin dili ilə desək, nizamnamədən kənar ölüm faktları və o cümlədən intiharlar qeydə alınır. Amma bütün bunlara görə Müdafiə Nazirliyinin hər hansı yüksəkrütbəli məmurunun istefa verdiyini və yaxud cəzalandırıldığını, məsuliyyətə cəlb edildiyini eşitmirik...
-Birincisi, hər ay ordumuzda həlak olanların sayını dəqiqləşdirək. Əgər ordumuzun hər il itirdiyi 98-100 əsgəri ayların sayına bölsək, hər ay, təxminən, 7-8 əsgərimiz ölür. Bu ölümlər bəzən isə qurup şəklində baş verir. Nəzərə alsaq ki, bu ölümlər atəşkəs dövründə baş verir, hesab edirəm ki, cəmiyyətin də buna ciddi münasibəti olmalıdır. Və bunu ordumuzun böyük bir hissəsinin döyüş bölgələrində olan hissələrin vəziyyəti ilə bağlamaq düzgün deyil. Çünki yuxarıda qeyd edilən itkilərin maksimum 10-15%-i döyüşlə bağlı olur. Yəni bilavasitə düşmən gülləsindən həlak olanların sayı bu qədərdir. Və təbii ki, onlara şəhid statusu verilir. Yerdə qalanların hamısı qeyri-döyüş itkiləri sayılır. Bunun da müxtəlif səbəbləri var. Araşdırmalar göstərir ki, orduda nizam-intizamın zəif olması, nizamnamədən kənar münasibətlər bu ölümlərin başlıca səbəbidir. "Dedovşina" halları da bura daxildir. Bizim hesablamalarımıza görə, astəşkəs dövründə bu yolla itirdiyimiz əsgərlərin sayı, təqribən, 4500-5000 nəfərdir. Bundan başqa, jurnalistlərin "Doktrina" hərbi mərkəzi 2003-cü ildən başlayaraq orduda ölənlərin adbaad siyahısını tərtib edir. Bu on il ərzində bu siyahıda cəmi 3-4 nəfərin adı rəsmi məlumatlara uyğun gəlmir, qalanları rəsmi qurumlar tərəfindən təsdiq edilib.
-Bu faktlara görə məsuliyyəti kim daşımalıdır?
-Bu itkilərə görə hərbi prokurorluq tərəfindən cinayət işləri açılıb araşdırmalar aparılır. Manqa, bölmə, taqım və s. kiçik ranqlı komandirlər cəzalandırılır. Bu, düzgündür, belə də olmalıdır. Bu komandirlərin məsuliyyəti var. Amma bizdə tez-tez deyirlər ki, başqa ordularda da itkilər baş verir. Bu itkilər bizdəki kimi baş vermir axı! Ermənistan ordusunda illik itkilərin sayı heç əlli nəfər də deyil. Bizdə isə yüzə yaxındır. Müqayisə edəndə onlarda qeyri-döyüş itkilərinin sayı da azdır. Başqa ordularda həlak olmuş əsgərin dəfn mərasiminə münasibəti bizimki ilə tutuşduranda vəziyyət yenə də yaxşı deyil. Bizdə indiyə qədər şəhidlərin dəfn edilməsi barədə qanunvericilik aktı qəbul edilməyib. Bu mərasimlər özfəaliyyəti xatırladır. Kim necə istəyir, elə də hərəkət edir. Dəfn üçün dövlət tərəfindən ayrılan maliyyə vəsaiti də gülünc səviyyədədir. Qeyri-rəsmi olaraq hərbi hissədən şəhidin ailəsinə bir kisə un, bir kisə qənd və s. verilir. Amma baxın görün, Türkiyədə, Almaniyada, Fransada bu mərasim hansı səviyyədə keçirilir. Cəza tətbiqinə gəlib çıxanda isə... Roma papalığında 100-120 nəfərlik kiçik bir ordu var. Orada bir əsgər öləndə böyük rəislərdən biri dərhal istefa verir və yaxud da onu ciddi şəkildə məsuliyyətə cəlb edirlər. Bizdə bununla müqayisə aparmaq istəmirlər. İtki bütün ordularda olur. Amma bu zaman müdafiə nazirləri, baş qərargah rəisləri məsuliyyətə cəlb edilir, ya da onların özləri könüllü şəkildə istefa verirlər. Nə üçünsə biz bunu görmək istəmirik. Mən belə başa düşürəm ki, bu da Müdafiə Nazirliyinin qocalmış, köhnəlmiş, yorğun, məsuliyyətini dərk etməyən rəhbərliyinin Azərbaycan cəmiyyəti üzrəində yaratdığı təsirlərin nəticəsində mümkün olur. Onlar müxtəlif üsullarla bəzi mətbuat orqanlarını da öz əllərinə keçirdir və cəmiyyəti çaşdırmaq üçün cəhdlər edirlər. Və bunların vicdanları da oyanmır. Biz neçə illərdir ki, hər il yüzə yaxın əsgər itiririk. Əvvəlki illərdə bu göstərici daha yüksək olub. Son illərin statistikası göstərir ki, ordumuzda ilbəil itkilərin sayı artmaqdadır. Təkcə ölümlə nəticələnməyən hadisələr də var axı. Əlil olan, şikəst edilən əsgərlər var. Nə qədər əsgərin sağlamlığına ziyanlar dəyir. Bunların monitorinqini aparanda görürsən ki, itkilər ilbəil çoxalır. Və ordu rəhbərliyi nə üçünsə nə istefaya göndərilir, nə də cəzalandırlır. Elə son hadisədə korpus komandirinə şiddətli töhmət verməklə kifayətləndilər. Guya bununla da məsələ bitdi. Sabah belə ölüm o biri korpusda baş verəcək. Ordu rəhbərlyinin də vicdanı yol verir ki, kreslolarında özlərini rahat hiss etsinlər. Əsgərə nə olursa, qoy olsun. Onlarda vicdanı oyatmaq istəyən də yoxdur. Axı günahsız yerə həlak olan əsgərlərin ata-analarının ahı-naləsi bunları tutar! Bunlar heç nədən çəkinmirlər. Mən sadəcə, mat qalmışam.
-Sizcə, müharibə vəziyyətində olan bir dövlətin müdafiə naziri kimi Səfər Əbiyevin hansı əziyyətləri var?
-Bunu araşdırmaq üçün gərək ötən illərə, yəni tarixə qayıdaq və görək ki, Səfər Əbiyevin ordu və vətən qarşısında hansı xdmətləri olub. Mənim mövqeyim belədir ki, hər bir şəxsin tutduğu vəzifə ilə bağlı mənfi və müsbət tərəfləri var. Demək istəmirəm ki, Səfər Əbiyevin müsbət cəhətləri yoxdur, ordu quruculuğu işlərində heç bir iş görməyib. Mən özüm də o proseslərin iştirakçısı olmuşam. O vaxtlar müəyyən işlər görülüb. Amma mən həmişə hesab etmişəm ki, həmin işlərin hamısı o vaxtkı Ali Baş Komandan Heydər Əliyevin hesabına həyata keçirilib və indi də belə düşünürəm. Heydər Əliyev o qədər güclü şəxsiyyət idi ki, istənilən zəif kadr onun əlinin altında hərəkətə gəlməliydi. Çünki o dövrdə yanaşma başqa cür idi. Amma şəxsi qaydada Səfər Əbiyevin böyük xidmətləri olmayıb. Və o, Qarabağ Müharibəsi dövründə həmişə çalışıb ki, məsuliyyətli işlərdən kənarda qalsın, kənardan müşahidə eləsin. Bizim həm qələbə ilə nəticələnən döyüş əməliyyatlarımız da olub, məğlubiyyətlə nəticələnənləri də olub. Bu əməliyyatların heç birində Səfər Əbiyevin sərkərdə rolu görünməyib. O həmişə kölgədə qalmağı sevib. Bu da ona gətirib çıxartdı ki, Məmmədrəfi Hənifəyevdən sonra Səfər Əbiyevi nazir təyin etdilər. O vaxt hamı düşünürdü ki, o bu postda müvəqqətidir, 3-4 aya kənarlaşdırılacaq. Amma artıq gələn ayın (fevralın-red.) beşində onun nazir postunda əyləşməsinin 18 ili tamam olacaq. Bu adam on səkkiz il ərzində torpaqlarımızn işğalı ilə barışır. Müdafiə naziri kimi. Məndən soruşanda "Onu nədə günahlandırırsan?", deyirəm ki, "İlk növbədə Səfər Əbiyevi on səkkiz il ərzində müdafiə naziri olarkən torpaqlarımızn işğal altında qalmasında günahlandırıram!" İnsan buna necə dözə bilər? Müdafiə naziri kimi sən ya üzməliydin, ya da düzməliydin. Ya da istefa verib çıxıb getməliydin.
-Bu gün (dünən-red.) saytlarda bir məlumat da yayılıb. Tərtərdəki N saylı hərbi hissənin komandiri tabeliyində olan əsgəri zorlayıb və buna görə də vəzifəsindən uzaqlaşdırılıb. Düzdür, Müdafiə Nazirliyi bildirir ki, komandir həmin hadisəyə görə deyil, yaşına görə postunu tərk etməli olub... Ümumiyyətlə, Azərbaycan Ordusunda homoseksualizm faktları qeydə alınıbmı?
-Azərbaycan Ordusunda homoseksualizm faktları qeydə alınıb. Özü də bir dəfə deyil, dəfələrlə qeydə alınıb. Və Müdafiə Nazirliyi bu faktlarla bağlı cəmiyyəti dəfələrlə aldadıb və bu dəfə də aldatmaqla məşğuldur. Bizim də qeyri-rəsmi mənbələr vasitəsilə əldə etdiyimiz məlumatlara görə, Tərtərdəki hərbi hissədə baş vermiş zorlama barədə xəbərlər yalan deyil və öz təsdiqini tapır. Bu dəfə də Müdafiə Nazirliyi, rus demişkən, "qreşit duşoy". Yəni nazirlik son əsgərin öldürülməsindən sonra panikaya düşüb və cəzalandırılacağından, daha dəhşətli ictimai qınağa tuş olacağından qorxur. Belə fakt birinci dəfə deyil ki, qeydə alınır! Yenə də ordu rəhbərliyi bu məsuliyyətdən kənarda qalmağa çalışır.
-Bəs çıxış yolu nədədir?
-Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargahının rəisi Nəcmədddin Sadıqov Dağıstanın Milli Qəhrəmanıdır. Yəni Azərbaycanın milli qəhrəmanları yoxdur ki, qoyaq orduya rəhbərlik etsin? Artıq iyirminci ildir ki, bu adam Baş Qərargahın rəisidir. Səfər Əbiyev isə artıq 18 ildir ki, müdafiə naziri vəzifəsini tutur. Aydın məsələdir ki, hər bir insanın bütün müsbət addımları ilə yanaşı mənfi cəhətləri də var. İnsan vəzifədə çox qaldıqca onun mənfi xüsusiyyətləti yavaş-yavaş çoxalmağa başlayır. Bu adamlar daha ordu quruculuğuna yeni heç nə verə bilmirlər. Əksinə, nazirliyin bütün şəxsi heyəti və zabitlər onlardan usanıblar, onlardan mənəvi əziyyət çəkirlər. Nazirlikdə elə bir psixoloji-mənəvi durum formalaşıb ki, oradakı zabitlərin psixoloji durumunu dəyişmək üçün mütləq ordu rəhbərliyinin dəyişdirilməsi tələb edilməlidir.

Söhbətləşdi: Savalan