"Mən demək istərdim ki, əhsən, cənab prezident, əhsən, Mehriban xanım".

Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.

Millət vəkili İlham Əliyevin Şuşa səfəri zamanı verdiyi mesajlardan danışıb: "Əgər Şuşanın alınması bizim ikinci Qarabağ müharibəsinin zirvəsi idisə, post-müharibə dövründəki fəaliyyətin ən yüksək zirvəsi demək olar ki, prezidentin Şuşa səfəridir, oradakı açıqlamalardır. Bu, dost və düşmənə çox gözəl mesaj oldu. Ən böyük mesaj odur ki, bir daha cənab prezident Moskvadakı üçtərəfli görüşdən sonra qeyd elədi ki, heç bir status ola bilməz, bu gorbagor oldu. Bunu ifadə elədi, bu hamıya bir daha mesajdır. Çünki biz bilirik ki, həm Minsk qrupunun həmsədrləri, həm digərləri buna cəhd edirlər. Ermənistan tərəfi də buna cəhd edir. Bu açıq bir mesaj idi. İkinci bir məsələ isə cənab prezidentin Füzulidən Şuşaya iki ay ərzində qurulmuş o yolla getməklə əsgərlərimizin qələbə marşrutunu bir növ bir daha təkrar etməsi idi. O yolla getdi və Şuşada da çox önəmli bəyanatlar verdi. Füzulidə aeroportun təməl qoyulmasında iştirak elədi. Xocavənddə oldu".

Partiya sədri mədəniyyət xadimlərinin abidələrinin bərpasına da toxunub: "Cənab prezident Şuşada mədəniyyətimizin banilərindən olan şəxslərin heykəllərinin yenidən Şuşaya qaytarılması ilə bağlı dedi ki, bizə vaxtilə heykəllərin Bakıda qurulması ilə bağlı təkid edilirdi, biz razı olmadıq və qaytarıb təzədən Şuşaya qoyduq. Bu çox vacib bir məsələ idi. Orada bir daha bilindi ki, Azərbaycanın qələbəsi dönməzdir. Azərbaycan Qarabağı özünə birdəfəlik qaytarıb. Bu istiqamətdə işlər getməlidir. Mən belə hesab edirəm ki, cənab prezidentin oradakı nitqləri, Cıdır düzündəki söhbətləri bir daha erməni vandalizmini dünyaya göstərdi. Bir daha Azərbaycanın dəyərlərini ortaya qoydu. Şuşanın mədəniyyət paytaxtı kimi yenidən önəm kəsb eləməsi üçün İSESKO ilə danışıqların aparılması ilə mümkündür ki, Şuşa İslam dünyasının mədəni paytaxtı elan olunsun. Bu istiqamətdə həm inkişaf yönündə, həm də mənəvi yöndə aparılan işləri yüksək qiymətləndirirəm".

Coşqun Əli