"Azərbaycan ilə Türkmənistan hökumətləri arasında Xəzərdəki “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlədilməsi və istismarına dair Anlaşma Memorandumunun imzalanması uzun illərdir davam edən böyük işlərin bəhrəsidir".

Unikal.org xəbər verir ki, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə videokonfrans formatında keçirilən görüşdə bildirib.

“Çox mühüm, gələcək vəd edən layihəyə başlayırıq. “Dostluq” yatağında Türkmənistan ilə Azərbaycanın birgə fəaliyyəti, şübhəsiz ki, uğurlu və səmərəli olacaq. Bu tarixi sənədə verdiyiniz dəstəyə, xalqlarımız və dövlətlərimiz arasındakı dostluq, qardaşlıq, əməkdaşlıq əlaqələrinin daha da inkişafına şəxsi töhfələrinizə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm. Bu sənəd enerji sahəsində əməkdaşlıq və qarşılıqlı anlaşmamızın güclənməsinə, iki böyük enerji dövlətinin potensialının üzə çıxmasına, Xəzər regionunda dayanıqlı energetikanın, geniş və qarşılıqlı faydalı beynəlxalq tərəfdaşlığın inkişafı üçün əlverişli zəminin yaradılmasına yönəlib”, - deyən Türkmənistan lideri bir çox sahələrdə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu da qeyd edib.

Qoşulmama Hərəkatında Azərbaycanın uğurlu sədrliyinə diqqət çəkən Q.Berdiməhəmmədov bunu ölkənin yüksək nüfuzunun təsdiqi olaraq dəyərləndirib.