Son illər Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlər çox müsbət məcrada inkişaf edir.

Unikal.org xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan ilə Türkmənistan hökumətləri arasında Xəzərdəki “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlədilməsi və istismarına dair Anlaşma Memorandumunun imzalanmasına həsr olunmuş videokonfransda bildirib.

“Elə yüksək səviyyədə qarşılıqlı səfərlərin cədvəlinə nəzər salmaq kifayətdir. Son 3 ildə iki ölkə prezidentlərinin 5 qarşılıqlı səfərini görürük. Bu səfərlər çərçivəsində 50-dən artıq sənəd imzalanıb. Tarix boyu bütövlükdə imzalanmış 100-dən artıq sənədin yarısı son üç ilin payına düşür. Sevindirici haldır ki, bu sənədlərin hamısı icra olunur. Bu gün imzaladığımız sənəd Xəzərin karbohidrogen sərvətlərinin istifadəsində yeni səhifə açaraq həm ölkələrimizin, həm də qonşularımızın enerji təhlükəsizliyinin daha da güclənməsinə gətirib çıxaracaq. Bu layihə həm də geniş ixracat imkanları açır”, - dövlət başçısı vurğulayıb.