"Bəzilərinin məsuliyyətsizliyi nəyə görə bu qələbənin üzərinə kölgə salmalı idi? Biz qələbəni bunun üçünmü qazandıq? Bax, bu cür suallar açıq suallardır”.

Bu fikirləri Unikal.org-a Qaradağda şəhid məzarları ətrafında yaranmış narazılıq barədə danışan Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev səsləndirib.

“Mən həmin yerdə olmamışam. Amma valideynlərin narazılığına qulaq asıb, videonu görmüşəm. Baş verənlərə çox pis olmuşam. Çünki şəhidlərlə bağlı tələsik qərar vermək, tez dəfn etmək, sonrasını düşünməmək məsuliyyətsizlikdir. Bu günə qədər bu məsələ ilə bağlı doğru-dürüst açıqlama da görməmişəm ki, səbəbi nədir, hansı qərar veriləcək və sair. Ümid edirəm ki, Müdafiə Nazirliyi və digər əlaqədar yerli orqanlar insanların başa düşəcəyi şəkildə müəyyən açıqlama verməlidir”. 

Partiya sədri həmçinin problemin həlli barədə də fikir bildirib: “Həmin şəhidlərin basdırıldığı yerdən çıxarılıb, başqa yerə dəfn edilib, edilməyəcəyini bilmirəm. Bu məsələlər mənim səviyyəmdə həll olunan məsələlər deyil. Amma istənilən halda. Əgər məzarlar orada qalacaqsa, həmin ərazilər vətəndaşları, şəhid ailələrini razı salacaq səviyyədə abadlaşdırılıb, parka çevrilməlidir. İnsanlar ora girəndə gözəl bir mənzərə görməlidirlər ki, qəlbləri şad olsun. Çünki bura valideynlərin, şəhid yaxınlarının yeganə ziyarət edəcəyi yerdir. Düşünürəm ki, belə tələsik qərar verərək vətəndaşları bu şəkildə narazı salmaq olmaz. Onlar yolu bağlayıb, video da çəkib paylaşdılar. Müraciət ediblər və bütün cəmiyyəti artıq ayağa qaldırdılar. Əfsuslar olsun ki, mənim də millət vəkili kimi səlahiyyətlərimin çərçivəsi var. Hər şey mənim gücüm daxilində deyil”.

Coşqun Əli