“İndi baxın, Ermənistan nə gündədir. Orada böhran yaşanır, gündə toqquşmalar, həbslər baş verir, demokratik əsaslar demək olar ki, tamamilə pozulub”.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində deyib.

“Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmamışdır. Onları bu vəziyyətə salan onların rəhbərləridir. Həm 20 il Ermənistana başçılıq edən xunta rəhbərləri – Köçəryan-Sarkisyan xuntası, həm ondan sonra gələn hakimiyyət. Sonra gələn hakimiyyətin qarşısında seçim var idi – ya işğalçılıq siyasətini davam etdirəcək və özünü bədbəxt edəcək, ya da ki, öz xoşu ilə bizim torpağımızdan çıxacaq. Bu şansı biz verdik və mən hətta müharibə dövründə dəfələrlə demişdim ki, bizə tarix versinlər, onlar hansı tarixdə hansı bölgələrdən çıxırlar və biz müharibəni dayandırırıq. Belə də oldu, tarix verilən kimi müharibə dayandı. Ancaq onlar məcbur olub bu tarixi bizə verdilər, öz xoşuna yox. Biz artıq onların ordusunu, Ermənistan ordusunun canlı qüvvəsini məhv edəndən, onlar diz çökəndən sonra buna məcbur oldular və kapitulyasiya aktına imza atdılar və bizim qələbəmiz təsdiq olundu.”, - Prezident bildirib.