Hər ilin yekununda Azərbaycanın aktivinə samboçularımız çox sayda medallar yazmağa davam edir.   

Sambo üzrə 9 qat dünya çempionu, Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov sözügedən idman növünün  inkişafı və milli komandanın durumu ilə bağlı Unikal.org-a açıqlama verib:

"Bildiyiniz kimi, Sambo idman növü Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən tanınıb. Bununla da dünya samboçularının arzusu yerinə yetib. Beynəlxalq Olimpiya Komitəsinin bu addımı sambonun gələcəkdə Olimpiya proqramına daxil edilməsi deməkdir. 

Pandemiya üzündən idman zallarımız bağlı olsa da, çalışırıq ki, somboçularımız açıq havada məşqlərini davam etsin və formada qalsınlar. Düzdür, soyuq hava səbəbi ilə bu məşqlərə ara verməli olduq. Amma inanıram ki, biz hər zaman ölkə başçısı, Cənab İlham Əliyevin idman aləminə olan etimadını doğuldacağıq. Bundan sonrakı qələbələrimizi də 44 günlük müharibənin qəhrəmanlarına həsr edəcəyik".

Azərbaycan Sambo Federasiyasının vitse-prezidenti Murad Cəfərov da açıqlamasında samboçularımızın əzmkarlığından və  federasiyanın idmançılara dəstəyindən danışıb:

"Federasiya rəhbərinin vurğuladığı kimi, sambo artıq Beynəlxalq komitə tərəfindən qəbul olunub. Sambo olimpiya növü kimi təsdiqlənəndən sonra bu idmana axın daha da çox olacaq.  Bilirsizniz ki, Sambo populyar idman növüdür.  Bu gün bizim əsas amalımız milli komandamızın daha böyük uğurlara imza atması, bayrağımızı dalğalandırmasıdır. 

İdmançılarımızın vəziyyəti, səhhəti ilə daim maraqlanırıq. Onlar formalarını qorumalıdır ki, gələcək yarışlarda da uğurlara imza atsınlar. 

Məşqlərimizi bərpa etmək üçün idman zallarımızın  açılması həm idmançıların, həm də bizim arzumuzdur. 

Təəssüf ki, bir ildir dünyada tüğyan edən "Covid-19" virusu idman sahəsinə də təsir edib. Ümid edirəm ki, pandemiya tez zamanda bitər və biz idman zallarımıza qovuşarıq. 

Onu da vurğulayım ki, 44 günlük Vətən Müharibəsində ölkəmiz zəfər qazandı. Dədə-baba torpaqlarımızı müzəffər ali baş komandanın rəhbərliyi ilə şanlı ordumuz mənfur düşməndən geri aldı. 

Döyüşənlər arasında idman camiəsindən olan qardaşlarımız da vardı. Beynəlxalq idman arenalarında himnimizi səsləndirən, uğur qazanan igidlərimiz Vətən Müharibəsində bayrağımızı Qarabağda sancdılar".