Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinin akkreditasiya qiymətləndirilməsi aparılır.

Təhsil Nazirliyindən Unikal.org-a verilən məlumata görə, ölkədə yaranmış sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, sözügedən ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsi təqdim edilən “Özünütəhlil hesabatları” və ona əlavə olunan sənədlər əsasında məsafədən həyata keçirilir.

Adıçəkilən təhsil müəssisələri ilə onlayn formatda təşkil olunmuş akkreditasiya qiymətləndirilməsinin müsahibə mərhələsi başa çatıb. Müvafiq Akkreditasiya Komissiyaları tərəfindən qiymətləndirmə nəticəsi olan Yekun Hesabatlar hazırlanaraq akkreditasiyaya dair yekun qərarın verilməsi üçün Təhsil Nazirliyinin Akkreditasiya Şurasının müzakirəsinə çıxarılması planlaşdırılır.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na əsasən Akkreditasiya Şurası akkreditasiyanın nəticələrinə dair qərar qəbul etmək səlahiyyətinə malik olan orqandır.