“Qarabağdakı atəşkəsə dair 10 noyabr bəyanatı sülhün təməli ola bilər. Açıqlamalardan görünür ki, müzakirələr təməl prinsiplərə dair aparılıb. Amma Paşinyan Ermənistan baş naziri kürsüsündən getsə, hakimiyyətə gələcək qüvvələr əldə edilmiş razılaşmaları pozmaqla buna mane ola bilər. Halbuki həmin razılaşma regional layihələr, o cümlədən Şərq-Qərb enerji dəhlizi çərçivəsində çox geniş imkanlar açır”.

Unikal.org xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, hazırda “Atlantik Şura”nın (Atlantic Council) böyük elmi işçisi Metyu Brayza Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən keçirilən “Cənubi Qafqazda yeni reallıqlar: perspektivlər və təhlükələr” adlı vebinarda bildirib.

“İkinci Qarabağ müharibəsi başa çatandan sonra həm də Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağına dair saziş imzalandı. Bu, iki ölkə arasında münasibətlər tarixinin yeni səhifəsidir. Bütövlükdə regional layihələr həm Azərbaycanla Türkiyə, həm də regiondakı iqtisadi əlaqələrə daxil olmaq fürsəti qazanan Ermənistan üçün geniş imkanlar yaradır. Amma bunun üçün maneələr var. Gördüyümüz kimi, Ermənistan hələ də bu cür üçtərəfli format çərçivəsində əməkdaşlığı qavraya bilməyərək müharibədəki məğlubiyyətin yaratdığı şokdadır” – deyə ekspert vurğulayıb.