Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən “HR Talks” layihəsi çərçivəsində gənc məzunlar və tələbələr üçün müxtəlif mövzularda onlayn tədbirlər keçirilir.

Unikal.org xəbər verir ki, layihənin məqsədi gənclərdə peşəkar karyera ənənələrinin formalaşdırılmasıdır.
“HR Talks” sosial layihə olmaqla, İnsan resurslarının idarə olunması sahəsində bilik və bacarıqların gənclərin diqqətinə çatdırılması, bu sahədə işə qəbul, müsahibə, peşəkar portfolionun qurulması, karyera planlaması kimi mövzuları əhatə edir. Tələbə və gənc məzunların işə  qəbul prosesinə qədər və işə qəbul prosesi zamanı hansı bilik və bacarıqlara yiyələnmələri ilə bağlı onlayn təqdimatlar keçirilir. Təqdimat mövzuları İnsan Resursları (İR) mütəxəssislərinin ən çox qarşılaşdıqları problemlər, İR mütəxəssislərinin və mentorların tövsiyyələri, müəssisəni təmsil edən İR mütəxəssisi təmsil etdiyi şirkətdə mövcud olan işə qəbul qaydaları və vakansiyalar və s. mövzuları əhatə edir. Gənclərin pandemiya dövründə asudə vaxtlarını daha səmərəli keçirmələri üçün silsilə onlayn tədbirlər çərçivəsində “Linkedin Profilinin Qurulması və bu Platformanın Əhəmiyyəti”, “Karyerada Uğur Formulu”, “Karyera Fürsətləri və İşə qəbul Prosesi”, “Effektiv Linkedin Profili Beynəlxalq Təcrübədə”, “Tələbə və Gənc  Məzunlar üçün Karyera Planlanması və Peşəkar Portfolionun  Qurulması”,  “Əmək  Bazarında Dəyərimiz Necə  Artıraq?” və “İR Peşəkarı Kimdir?” “Münaqişələr və Onların İş Mühitinə Təsiri”, “Kadr Kargüzarlığı və Əmək Münasibətləri”, “Pandemiya Zamanı İş Axtarışı” mövzularında olmuşdur. Təqdimatçılar arasında AR Dövlət Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzi İR üzrə mütəxəssis Kəmalə Hüseynova, Linkedin influencer Kamal Mahmudov, ATMU Karyera məsləhətçisi Aida Bayramova və digərləri olmuşdur.
Layihə çərçivəsində növbəti onlayn görüş 7 Mart tarixində həyata keçiriləcək. Görüş hər kəs üçün açıqdır və ödənişsizdir. Növbəti görüşlərə qoşulmaq üçün ATMU-nun rəsmi fb səhifəsindən izləyə bilərsiniz.