Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən “Experience Talks” layihəsi çərçivəsində gənc məzunlar və tələbələr üçün müxtəlif mövzularda onlayn tədbirlər keçirilir.

Unikal.org xəbər verir ki, gənclərin pandemiya dövründə asudə vaxtlarını daha səmərəli keçirmələri üçün silsilə onlayn tədbirlər çərçivəsində “Azərbaycan Muzeyləri”, “Könüllükdən  Peşəkarlığa”, “Şüuraltının Uğurlu Karyeraya Təsiri”, “Marketinq Sahəsindəki Kadr Çatışmazlığı”, “Effektiv Layihə Yazılışı”,  “Azərbaycanda  Şərabçılığın Tarixi və Müasir Şərabçılıq” və “Tibbi Turizm Sahəsində Karyera İmkanları” və “Turizm Bələdçisi Peşəsi” mövzularında olmuşdur. Təqdimatçılar arasında AR Mədəniyyət Nazirliyi Muzey İşi və Mədəni Sərvətlərə Nəzarət şöbəsi əməkdaşı Şahin Şahbazov, “Turizm Könüllüləri” təşkilatının sədri Hüseyn Məmmədov, MarCom şirkətinin icraçı direktoru Ceyhun Fərzəliyev, ATMU-nun əməkdaşı Aida Bayramova və digərləri olmuşdur.
Layihə çərçivəsində son görüş Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı və Azərbaycan Elm Assosiasiyasının həmtəsisçisi peşəkar tədqiqatçı İnqilab Şahbazovun təqdimatında “Sosial tədqiqatların əhəmiyyəti” mövzusunda keçirilmişdir. İnqilab Şahbazov görüş zamanı keyfiyyət və kəmiyyət araşdırmaları barədə geniş danışmışdır.
“Experience Talks” sosial layihə olmaqla, bilik və bacarıqların gənclərin diqqətinə çatdırılması, müxtəlif mövzularda maarifləndirmə və s. kimi məslələri əhatə edir.Görüşlərə qoşulmaq üçün ATMU-nun rəsmi veb-səhifəsini (www.atmu.edu.az) və ya fb səhifəsini (ATMU official) izləmək lazımdır. Növbəti görüşlərdə iştirak etmək üçün qeydiyyatdan keçməyi unutmayın. Layihə hər kəs üçün açıqdır və ödənişsizdir.