Aprelin 2-də Azərbaycan Turizm və Menecment Universitetində Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Mohamed Adil Embarch ilə görüş keçirilib.

Unikal.org xəbər verir ki, görüşdə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, rektor müşaviri Elvin Yusifli, Tədris –metodiki şöbənin müdiri Simnar Mamedov və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları iştirak edib.

ATMU-nun rektoru İlham Mədətov ölkələrimiz arasında ildən – ilə güclənən əməkdaşlıq konteksində təhsil sahəsində də əlaqələrin möhkəmləndirilməsinin xüsusi önəm kəsb etdiyini diqqətə çatdırıb. Söhbət əsnasında cənab səfirə universitetin fəaliyyəti, tədris prosesi, beynəlxalq əlaqələri, ölkənin turizm potensialı və turizm təhsili üzrə mümkün əməkdaşlıq imkanları barədə məlumat verilib. Cənab səfir Mohamed Adil Embarch ölkəmizdə turizmin inkişafı istiqamətində həyata keçirilən işlərdən, asan viza sisteminin üstünlüklərindən, Azərbaycanın dünyada gündən – günə artan nüfüzundan və ən önəmlisi beynəlxalq aləmdə multikultarizm mərkəzi kimi tanınmasından bəhs edib. Görüşdə müzakirə edilən önəmli mövzulardan biri ATMU tələbələrinin Mərakeş Krallığında fəaliyyət göstərən turizm iaşə obyektlərində istehsalat təcrübələrinin təşkili məsələsi olub.

Rektor İlham Mədətov və cənab səfir Mohamed Adil Embarch ATMU və Mərakeş Krallığında turizm ixtisası üzrə tədris aparan ali təhsil müəssisələri ilə  beynəlxalq təhsil layihələri çərçivəsində  əməkdaşlıq əlaqələrinin qurulmasını məqsədəuyğunluğunu bildiriblər.  Görüşün sonunda təhsil sahəsində hər iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.