Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  Unikal.org-a verilən məlumata görə, Cəbrayıl rayonunda Füzuli rayon sakinləri Səlim Qasımov və Elçin Abdullayev idarələrində olan avtomobillərlə sərxoş vəziyyətdə minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstəriblər.

Onlar rayon ərazisində qurulmuş postda polis əməkdaşlarının saxla tələbinə məhəl qoymayaraq rayon ərazisinə daxil olublar. Daha sonra həmin avtomobillərin saxlanılması polis əməkdaşları tərəfindən təmin edilib. S.Qasımov, E.Abdullayev və onların sərnişinləri Füzuli rayon sakinləri Elgün Babayev və Mehrac Hacıyev Polis Şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İXM-nin müvafiq maddəsi ilə tədbir görülüb və törətdikləri əmələ qiymət verilməsi üçün məhkəməyə təqdim edilib.