Kosmetika və əczaçılıq sənayesi  üçün qiymətli xammal olan lavanda bitkisinin anqustifolia növü artıq iki ildir Azərbaycanda Qəbələ rayonunun Çuxurqəbələ kəndində fəaliyyət göstərən yerli fermer təsərrüfatında becərilir.

Lənkəran ŞİH-dən Unikal.org-a verilən məlumata görə, cari təsərrüfat ilində Lənkəran rayonunun İstisu qəsəbəsindəki “Yaşıl çay” fermer təsərrüfatında yerli qara çayın lavanda bitkisi ilə fermentləşdirilmiş qarışığından çox dadlı və ətirli çay növü alınaraq uğurla sınaqdan keçirilmiş və mütəxəssislər tərəfindən çox yüksək qiymətləndirilmişdir.

Bitkinin faydalılığı nəzərə alınaraq Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) vasitəçiliyi ilə “Yaşıl çay” fermer təsərrüfatı ilə Çuxurqəbələ kəndindəki fermer təsərrüfatı arasında əməkdaşlıq müqaviləsi bağlanaraq təsərrüfatda 0,50 ha sahədə lavandanın anqustifolia növünün sınaq əkini həyata keçirilib. Sınaq əkininin nəticələrindən asılı olaraq eko-aqro turizmin inkişafı və qarışıq çay növlərinin çeşidinin artırılması məqsədilə yaxın gələcəkdə təsərrüfatda 10 hektardan ibarət lavanda plantasiyasının salınması nəzərdə tutulmuşdur.