Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə bir qrup media əməkdaşı Qubadlı rayonuna yola düşüblər. Təşəbbüsün məqsədi aydındır  – doğulduğum, böyüyüb boya-başa çatdığım rayonda erməni şərəfsizləri tərəfindən törədilən ekoloji terroru jurnalistlərin öz gözləri ilə görməsi və bütün dünyaya nümayiş etdirməsidir!

Yuxarıdakı sətirləri yazır və istər-istəməz 28 il öncəyə, 1993-cü ilə, daha doğrusu, həmin ilin 31 avqustuna qayıdıram. Həmin isti yay günü əslində, hava sazaqlı, şaxtalı idi, çünki dədə-baba torpağımız ermənilər tərəfindən işğal edilmişdi. İnsanlar  ev-eşiyini tərk etmiş, kəndlər, qəsəbələr darmadağın edilmişdi. Düşmən mülki insanları, uşaq, qadın, qocaları öldürür, girov götürür, qəbirləri və abidələri  vəhşicəsinə dağıdırdılar.

Lakin o ağır günlərdə Qubadlını məcburi tərk etməli olarkən biz bir gün bu torpaqlarımıza dönəcəyimizə əmin idik. Onu bilir və inanırdıq ki, həmin gün uzaqda deyil. Çünki birincisi, bu torpaqların gerçək SAHİBİ biz idik və əvvəl-axır SAHİBİ olduğumuz yerlərə dönmək haqqımız idi; 

İkincisi, ermənilərin də nə qədər qorxaq xalq olduğunu bilirdik. Təbii ki, yurdlarımızı tərk etməyimizin səbəbi ermənilərdən daha çox, onlara havadarlıq edən xarici güclər idi. 

Nəhayət, gözlədiyimiz və inandığımız gün gəldi: Müzəffər Ordumuz, canavar ürəkli əsgər və zabitlərimiz gerçək SAHİBİ olduğumuz torpaqları şərəfsizlərin işğalından azad etdilər. Və… Budur biz 28 il sonra yenidən Qubadlıda, doğma rayonumuzda, öz kəndimizdəyik. 

Qubadlı işğaldan azad edildikdən sonra buraya bir neçə səfərim baş tutub. Hər dəfə də gördüyüm mənzərədən tüklərim biz-biz olub. Birdən-birə mənə elə gəldi ki, o dağılmış, xaraba qoyulmuş evlər, məhv edilmiş təbiət gözəllikləri belə gülümsəyirdi. Bir də Həkəri çayı – sanki axmır, uşaq kimi kövrəlib ağlayırdı. Bir sözlə, ətrafdakı hər şey, hər yer işğaldan azadlığa çıxdığı, nəhayət, öz doğmalarına, həqiqi SAHİBLƏRİNƏ qovuşduğu üçün xoşbəxtdir, sevinir. Elə mən də erməni vandallarının uçurub-dağıtdıqlarına baxdıqca nə qədər kədərlənmişəmsə, bir o qədər də sevinmişəm. Artıq doğulduğum, uşaqlığımın keçdiyi, ruhumun oyandığı doğma torpağımdayam. Qubadlıdakı mənzərə hər nə qədər Ağdamda törədilən vəhşəti, dağıntını xatırlatsa da, içim rahatdır – biz bu yerləri yenidən öz əvvəlki gözəlliyinə, əzəmətinə qaytarıb, bu torpaqları əkib-becərəcəyik. Yenidən bu torpaqlarda quruculuq işləri görüləcək. 
Və tarix boyu olduğu kimi yenə də vandalların pisliyi, vəhşiliyi  özlərinə qalacaq! 

Asəf RZAYEV