“Dünən təntənəli açılışı olan Hərbi Qənimətlər Parkı təkcə dağıdıcı silahların, bir vaxtlar keçilməz sayılan istehkamların deyil, ilk növbədə torpağın üstündə yox, altında rahat yaşayan erməniçiliyin şəklidir”.

Unikal.org-un məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc deyib.

O bildirib ki, Hərbi Qənimətlər Parkını ziyarət edəcək milyonlarla azərbaycanlı üçün düşmən ordusunun həqiqi simasının yeni adı “8 noyabr” prospektidir.

“30 il Qarabağ və ətraf ərazilər özü boyda qənimətlər parkı idi, lakin düşmən o əraziləri özü üçün məzarlığa çevirdi. O park milyonlarla insanımızın qəlbinin rahatladığı yerdir, qalib ordumuzun birgə silahları ilə yaratdıqları əsərdir, ən yaxşı hərbi məktəbdir, institutdur, nəhayət and yeridir. Ordakı texnikaları hərbi müdavimlər, gələcəyin generalları gəlib gerçək dərs kimi öyrənəcəklər. 44 gündə hər an döyüş meydanlarından gözlədiyimiz xəbərlərin özü paytaxtımıza gəlib. Bu təkcə iqtisadi qazanc deyil, həm də həyatını itirə biləcək minlərlə insanımızın qorunması deməkdir. Ali Baş Komandan qarşısında çıxış edən xüsusi təyinatlılar qəhrəmanlıqla döyüşdükləri kimi, həm də parlaq və təsirli nitq söylədilər, natiqlik bacarıqlarını göstərdilər. Heç bir partiya, hərəkat, qrup belə yüksək nüfuza malik deyil, ona görə yox ki, silahları yoxdur, ona görə ki, bütün millətimizin vahidliyini Prezidentdən sonra təmsil edən yeganə gücdür. Bəli, Ordumuz siyasətdən kənardır, lakin qalib general və əsgərlərimiz dövlətimizə təkcə silahla deyil, həm də hökumətdə, parlamentdə, icra hakimiyyəti orqanlarında dürüstlükləri, cəsarətləri və vətənpərvərlikləri ilə xidmət edəcəklər. Vaxtilə Atatürkün cümhuriyyət qurandan sonra ən böyük silahdaşları ordunun özü olmuşdu. İndi Prezident İlham Əliyevin ən güclü partiyası milyonlarla insanımızın, heç bir siyasi qüvvənin fərq qoymadığı şanlı Ordumuzdur. Erməni silahlı qüvvələrinin isə cəmi 44 günlük canı varmış”, - deyə Z. Oruc vurğulayıb.