"Münaqişədən sonrakı vəziyyətdən danışırıqsa, gələcək sülh prosesinin bəzi elementlərinə diqqət yetirməliyik".

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı bildirib.

“Ancaq uzun müddət Azərbaycanı qəsdən iblisləşdirmək, azərbaycanlıları Ermənistanı və ya Qarabağı işğal etmiş düşmən kimi təqdim etmək siyasəti yürüdülüb. Bəlkə də cəmiyyətə vaxt lazımdır ki, bizim nəinki müharibə zamanı, həm də ondan sonra etdiklərimizi anlasınlar. Biz 1500-dən çox əsgərin meyitini Ermənistan tərəfinə qaytarmışıq və hələ də Rusiya sülhməramlıları ilə birlikdə onların axtarışlarında iştirak edirik. Birinci Qarabağ müharibəsindən sonra itkin düşmüş, təxminən, 4 000 əsgərimiz var idi və onlardan heç biri geri qaytarılmadı. Bax, budur fərq”, - o deyib.

Dövlət başçısı həmçinin Azərbaycan tərəfinin humanitar məsələləri asanlaşdırmaq üçün öz dəmir yolları vasitəsilə Rusiya sülhməramlılarına nəqliyyat və logistika köməyini göstərdiyini vurğulayıb.

“Başqa misallar da gətirə bilərəm. Biz “Qazprom”a ərazimiz vasitəsilə Ermənistana qaz tədarük etməsinə icazə verdik, çünki Rusiya ərazisində təmir işləri aparılır. Biz “xeyr” deyə bilərdik, amma “bəli” dedik. Bu növbəti bir işarədir, jestdir. Biz həmçinin ermənilərin Qubadlı və Zəngilanda yolumuzun 21 kilometrindən istifadə etmələrinə icazə verdik, biz onu bağlamadıq. Bəs onlar işğal zamanı heç olmasa bir metr yoldan istifadə etməyimizə icazə verdilərmi? Bu sadəcə bizim tərəfimizdən bir jest deyil, bu məqsədli şəkildə müharibə səhifəsini çevirmək siyasətidir. Bu mənada biz Ermənistanın vətəndaş cəmiyyətindən daha çox şey gözləyirik, çünki nə Ermənistan hakimiyyəti, nə də müxalifəti nəinki Azərbaycan haqqında müsbət danışmaq, heç bitərəf danışmaq niyyətində deyillər. Çünki, bu, Azərbaycanofobiya konsepsiyası, on illərlə azərbaycanlılara qarşı nifrətin yetişdirilməsi onları hüquqlarından məhrum edirdi. Hesab edirəm ki, onlar erməni xalqına həqiqətləri deməyə başlamalıdırlar, çünki müharibə artıq tarixdə qaldı, münaqişə həll olunub və gələcəyə baxmalıyıq”, - Prezident deyib.