"Ermənilər tərəfindən işğal edilən ərazilərdə bizim bütün mədəniyyət və dini abidələrimizi dağıdılıb. Bu gün, eləcə də əvvəlki dövrdə, Cənab Prezident hər zaman bu məsələyə toxunub". 

Bunu Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O bildirib ki, bu hallar Ermənistanın siyasətində xarakterik hala çevrilib:

"67 məscidin əksəriyyətinin dağıdılması, onlardan yalnız 3-nün nisbətən salamat qalması, Şuşadakı və digər rayonlarımızdakı abidələrin, muzeylərin, Bülbülün ev muzeyinin, Vaqifin büstünün dağıdılması, məscidlərdə donuzun, inəyin saxlanılması onu göstərir ki, Ermənistan bu ərazilərdən Azərbaycanın izini silməyə çalışıb. Son zamanlarda biz görürük ki, Ermənistan müsəlman və ərəb ölkələri ilə əlaqə qurmağa çalışır. Reallıq isə ondan ibarətdir ki, Ermənistan bu gün islamafob siyasət yeridir.

Azərbaycanlıların nümunəsində bütün İslam mədəniyyəti abidələri yerlə yeksan edilib. Bu, artıq Ermənistanın dövlət siyasətidir. Cənab Prezident də dəfələrlə öz çıxışlarında deyib, sanki buradan vəhşi bir qəbilə keçib. 

Burada digər bir vacib məsələ isə ondan ibarətdir ki, Azərbaycan bu məsələləri dəfələrlə beynəlxalq qurumlar qarşısında qaldırıb, lakin biz buna adekvat reaksiyaları görmürük. Onlar bizim bütün mədəni və dini abidələrimizi dağıdıblar, amma biz bu əməllərin beynəlxalq qurumlar tərəfindən pislənildiyini şahidi olmuruq

Azərbaycan dəfələrlə bu məsələni vurğulayıb ki, Ermənistana bununla bağlı təzyiqlər edilməlidir ki, onlar bu kimi əməllərindən çəkinsinlər. Hələ ki biz bunu görmürük, amma Azərbaycan bu məsələləri davamlı olaraq qaldırır. 

Biz inanırıq ki, Beynəlxalq qurumlar bu məsələyə ciddi reaksiya verəcəklər."

Murad İbrahimli