“Zəngəzur məsələsinin gündəmdə olması ərazi iddiası, aqressivlik deyil – siyasi təzyiq vasitəsidir”. 

Unikal.org xəbər verir ki, bunu REAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib. O bildirib ki, biz qonşularımızla sülh şəraitində yaşamaq istəyirik, iqtisadi və insani münasibətlərin yaranmasında, kommunikasiya xəttlərinin açılmasında, logistik əlaqələrinin bərpasında maraqlıyıq: 

“Biz Ermənistanla dinc qonşuluq etməyə hazırıq, amma rəsmi İrəvən buna hazırdımı?! Sabah status məsələsini tək rəsmi İrəvan yox, Moskva, Paris, Vaşinqton qaldırsa nə olacaq?! Minsk Qrupu yerindəcə qalıb, heç yerə itməyib, rəsmi Moskva regionda tək söz sahibi olması istəyinin qarşısını həm də Minsk Qrupu formatı ala bilər.

Biz işimizi doğru qursaq, Moskva ilə Qərb arasında olan münaqişə və fikir ayrılığından gözəl istifadə edə bilərik. Rusiyanın bu məsələdə tək söz sahibi olması tək bizi yox, elə Qərbi də narahat edir. Sabah Rusiya qoşununun ərazimizdən çıxarılması məsələsində məhz Paris və Vaşinqton bizə kömək ola bilər”.

N.Cəfərli qeyd edib ki, Minsk Qrupunun təhlükəli yanları da var: “Status məsələsi… Özümüzü aldatmayaq, bu məsələ masaya gətiriləcək, müəyyən təzyiqlər olacaq, bu təzyiqlərin amortizasiyası üçün iki vacib yol var: daxildə çoxsəsli Parlament, həm də güclü vətəndaş cəmiyyəti və paralel olaraq Zəngəzura qaçqınların qayıtması, buna zəmanət məsələsi. Başqa yol görmürəm. Biz ağılla, siyasi doğru ritorika ilə hər dəfə “Zəngəzur” deyəndə Ermənistan status məsələsində israrından vaz keçməsi şansı artır. 

Bəli, Ermənistana ərazi iddiası etmirik, amma Qərbi Azərbaycandan olan türklərin öz ata-baba yurduna qayıtması üçün mütləq son sülh müqaviləsində hüquqi baza yaradılmalıdır. Əgər əvəzində Ermənistan Bakı, Sumqayıt, Gəncəyə erməni əsilli azərbaycanlıların qaytarılması məsələsini qaldırsa, buna da razılıq verməliyik. Çünki demokrafik üstünlük bizdədi, yaxın 25-30 ildə reginda demokrafik üstünlük tam bizdə olacaq. Daha soyuqqanlı olmağı və strateji düşünməyi öyrənməliyik”.