“Rusiyanın Kerç boğazı daxil olmaqla, Qara dənizin bəzi hissələrində məhdudiyyətlər tətbiq etməklə bağlı xəbərlərdən narahatıq”.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun sözçüsü Oana Lunkesku deyib.

Onun sözlərinə görə, belə bir həmlə qeyri-qanuni olacaq:

“Rusiyanı Azov dənizindəki Ukrayna limanlarına sərbəst gedişi təmin etmək və sərbəst səfərlərə icazə verməyə çağırırıq. Rusiya Krımı qeyri-qanuni ilhaq edəndən bəri yarımada içində və çevrəsində hərbi mövcudluğunu ciddi şəkildə artırıb.

Rusiyanın Krımda, Qara dənizdə və Azov dənizində davam edən hərbi mövcudluğunu artırmağa çalışması Ukraynanın müstəqilliyinə daha böyük təhdid yaratmaqdadır və bölgənin sabitliyini baltalamaqdadır”.

NATO rəsmisi bildirib ki, Rusiya gərginliyi təcili olaraq azaltmalıdır:

“Təxribatı dayandırmalı və beynəlxalq öhdəliklərə riayət etməlidir. NATO müttəfiqləri Krımın Rusiya tərəfindən qeyri-qanuni ilhaqını tanımır və tanımayacaq. Ukraynanın beynəlxalq tanınmış sərhədlər içində suverenliyini və ərazi bütövlüyünü tam olaraq dəstəkləyirik”.