Azərbaycan Turizm və Menecment Universiteti beynəmilləlləşmə sahəsində daha bir layihəyə qoşulub. Belə ki, Universitet İtaliyanın D’Annuntsio Universitetinin (Kyeti-Peskara) təşəbbüsü olan “Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisəsi pilot kursları, PICASP” adlı Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Eramus+ KA 2 layihəsinə tərəfdaş ölkə universiteti kimi müraciət etmiş və müsabiqədə uğur qazanıb. 

Universitetdən Unikal.org-a verilən məlumata görə, 2021-2024-cü illərdə icrası nəzərdə tutulan layihənin məqsədi açıq ödənişsiz onlayn kurslardan (MOOCs) istifadə edilməklə təşkil olunacaq pilot kurslar vasitəsilə kiçik və orta sahibkarlıq mövzularını tədris edən müəllimlərin səriştələrinin artırılması, onların yeni metodologiya və tədris üsulları ilə tanış edilməsidir. 

O da qeyd olunmalıdır ki, layihə çərçivəsində ATMU ilə yanaşı Xəzər Universiteti və "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, eləcə də Rusiya və Qazaxıstanın bir sıra ali təhsil müəssisələri tərəfindən İtaliya, Polşa, eləcə də Litvanın ali təhsil ocaqları və ixtisaslaşmış qurumlarının qeyd olunan sahədə təcrübəsinin öyrənilməsi nəzərdə tutulub. 

Sözügedən layihədə Tədris-metodiki şöbənin müdiri Simnar Mamedov, Karyera və kommunikasiya şöbəsinin müdir müavini Səidə Məmmədova, Turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Fərid Cabbarlı, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi və Azərbaycan-Avstriya Turizm Proqramının (AATP) koordinatoru Elmira Fərzəliyeva və layihə koordinatoru, Elm və innovasiya şöbəsinin “Elmi innovasiya” bölməsinin rəhbəri Faina Qaçabəyova ATMU-nu təmsil edirlər.