"Bildiyimiz kimi, ötən gün ABŞ prezidenti Co Bayden tərəfindən qondarma "erməni soyqırımı"nın adı çəkildi. Bu, ilk növbədə tarixin saxtalaşdırılmasıdır".

Bunu Unikal.org-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib. O bildirib ki, bu, heç bir tarixə sığmayan çıxışdır:
"Onlar çalışırlar ki, bununa qardaş Türkiyəyə təzyiq göstərsinlər. İlk növbədə qeyd etmək lazımdır ki, tarixdə belə bir soyqırım olmayıb. Hər il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyaya, həmçinin Ermənistana səslənir ki, hər kəs öz arxivini açsın, tarix araşdırılsın və ondan sonra qərar verilsin. Bununla bağlı keçmiş Ermənistan prezidenti, xunta rejiminin rəhbərlərindən biri olmuş və Azərbaycana qarşı törədilən Xocalı soyqırımında əli azərbaycanlıların əlinə bulanmış Robert Köçəryan bildirmişdir ki, buna tarixçilər yox, siyasətçilər qiymət verməlidir. Bu bir daha onu göstərir ki, bu, tarixin saxtalaşdırılmasıdır. Əlbəttə ki, Co Bayden bunu erməni lobbisinin təzyiqi altında deyib. Bu, həmçinin onun seçkidən əvvəl erməni lobbisinə verdiyi vədin təzahürüdür. Eyni zamanda bu qardaş Türkiyəyə, eyni zamanda bütün türk dünyasına qarşı olan, heç bir tarixi əsası olmayan bəyanatdır. Onlar başa düşürlər ki, türk dünyası bu gün heç vaxt olmadığı qədər birlik nümayiş etdirir. Əlbəttə ki, bu həmçinin onların Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı parlaq qələbəni gözü götürməmələrindən irəli gəlir. ABŞ prezidentinin qondarma soyqırım ifadəsini dilə gətirməsi qəbuledilməzdir. Eyni zamanda bu, bölgədə yaranmış yeni reallığın, sülhün qarşısına çıxmaq deməkdir. Bu erməni xalqını düşünmək yox, onsuzda uçurumda olan Ermənistanı darmadağın etmək məqsədi daşıyır. Qardaş Türkiyə çox güclü və qüdrətli dövlətdir. Təkcə bölgədə deyil, həmçinin dünya səviyyəsində söz sahibi olan bir ölkədir. Belə təzyiqlərlə nəinki Türkiyə əyiləcək, əksinə qardaş ölkə daha da qüdrətlənəcək. Biz də hər zaman olduğu kimi, qardaş Türkiyənin yanındayıq. Co Baydenin bu açıqlamasını əlbəttə ki, təəssüf hissi ilə qarşılayırıq. Heç bir hüquqi əsası olmayan bu açıqlamanı pisləyirik. Qondarma "erməni soyqırımı"nın tanınması qardaş Türkiyəyə qarşı təzyiq cəhdidir. Onlar Türkiyənin müstəqil bir ölkə olduğunu həzm edə bilmədikləri üçün belə saxta bəyanatlarla çıxış edirlər. ABŞ onsuz da, regionda milli maraqlarına zərbə vurmuş oldu. Onsuz da, Avrasiyada və Yaxın Şərqdə ABŞ-ın nüfuzu xeyli azalmışdır. NATO-da mütəffiqi olduğu Türkiyəyə qarşı belə qərəzli bəyanatla çıxış etməsi ABŞ-ın öz maraqlarının əksinə işləyəcəkdir. Digər bir tərəfdən, Vətən Müharibəsindən sonra Ermənistanın daxilində olan revanşist qüvvələrə stimul verən bu bəyanat qəbuledilməzdir və regionda yeni alovlanmaya gətirib çıxara bilər. Co Baydenin bu çıxışının Emrənistanı daha da pis vəziyyətə gətirib çıxaracağı heç kimdə şübhə doğurmur. Qardaş Türkiyə daha da güclənəcək, qüdrətli olacaq. Eyni zaman türk dünyasının daha da qüdrətlənməsi istiqamətində addımlar atılacaq."