Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində cinayət işi başlanılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, D.Əliyeva barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, hazırda istintaq aparılır. 

Şikayətçilər tələbələrin ödəniş etmədiyi halda dəsrlərə buraxılmasını əsas gətirərək, bu məsələdə Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın da günahkar olduğunu bildirir.

Dələduzluğa məruz qalan tələbələr və onların valideynləri rektorun da cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir.

Qeyd edək ki, Bakı Slavyan Universitetinin Qiyabi və əlavə təhsil şöbəsinin müdiri D.Əliyeva tələbələrin 140 min AZN dəyərində olan təhsil haqqını mənimsəyib. O, 2020-ci ilin noyabr ayının 20-də öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

****  15:25

Baş Prokurorluğun Mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, Dürdanə Əliyevanın qeyd edilən qanunsuz əməlləri törətməsi barədə Bakı Slavyan Universitetinin tələbələrindən daxil olmuş çoxsaylı şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılmaqla Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanmışdır.

Seymur Əli