Rusiyanın Yakutsk şəhərində olimpiya, dünya və Avropa çempionu Roman Dmitriyevin xatirə turniri start götürüb.

Azərbaycan Güləş Federasiyasından Unikal.org-a verilən məlumata görə, gənc sərbəst güləşçilər arasında keçirilən ənənəvi yarışın ilk günündə finalçılar müəyyənləşib.

Azərbaycan təmsilçilərindən Murad Haqverdiyev (57 kq) iki Rusiya güləşçisinə qalib gələrək 1/4 finala yüksəlib. Amma yarımfinala gedən yolda digər yerli idmançıya məğlub olub.

Mübarizəyə 1/4 finaldan qoşulan 65 kq-dakı Sabir Cəfərov iki rəqibi üzərində inamlı qələbə qazanaraq adını finala yazdırıb.

70 kq-da yarışan Cəbrayıl Hacıyev ilk iki mərhələdə Rusiya təmsilçilərinə heç bir şans tanımayıb. Yarımfinalda Qırğızıstan idmançısından da güclü olan Hacıyev finala vəsiqə qazanıb. Onun həlledici görüşdəki rəqibi Rusiyanı təmsil edən erməni idmançı Arsen Balayan olacaq.