Son günlər bəzi kütləvi informasiya vasitələrində Şəmkir Balıq Zavodunun özəlləşdirildiyi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Unikal.org-un məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, zavodu dövlət xidməti 2018-ci ildən özəlləşdirməyə çıxarsa da, hərrac baş tutmayıb.

Şəmkir rayonunun Dəllər qəsəbəsi və Sarıtəpə kəndinin ərazisində yerləşən müəssisə mayın 25-də keçiriləcək hərraca çıxarılacaq. Müəssisə və hərracda iştirak şərtləri barədə dövlət xidmətinin internet səhifəsinə (https://bit.ly/3e5nW2r) və yaxud Özəlləşdirmə Portalına (https://bit.ly/3xyYfid) daxil olaraq məlumat əldə etmək olar.

Xatırladaq ki, Şəmkir Balıq Zavodunun Şəmkir Rayon İcra Hakimiyyətinin bu günlərdə həbs edilmiş başçısı Alimpaşa Məmmədovun oğlu Adil Adilzadəyə məxsus olması iddia edilir.