Qəbələ rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Ağdaş-Zarağan avtomobil yolunun, rayonun Savalan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qəbələ rayon Bum kənd sakini Eyyubov Tərlan Tapdıq oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə Göyçay rayon sakini Yusifov Nəsib Şakir oğlunun sükanı arxasında olduğu "VAZ-2107” markalı avtomobil toqquşub.

Nəticədə "VAZ-2107"-də olan 1964-cü il təvəllüdlü Vilayət Baxış qızı Yusifova hadisə yerində ölüb. Avtomobilin sürücüsü N.Yusifov və sərnişini, 2019-cu il təvəllüdlü Dəniz Ramil qızı Məmmədova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da, xəstəxanada keçiniblər. "VAZ-2017"də olan 36 yaşlı Mehriban Məmmədova, 24 yaşlı Xəyalə Bəkirova və 7 yaşlı İsmayıl Məmmədov müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, qəzada ölən və yaralananlar bir ailənin üzvləri və yaxın qohumlardır.

Faktla bağlı araşdırma aparılır.

22:11

xxx

Qəbələdə ölümlə nəticələnən yol qəzası olub.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Qəbələ rayonunun Savalan kəndində “Mercedes” və “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1961-ci il təvəllüdlü Yusifova Vilayət Baxış qızının meyitini deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.