Qarabağdakı 44 günlük müharibə ilə əlaqədar olaraq Ermənistanda 1580 cinayət işi açılıb.

Unikal.org “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, 628 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Təqsirləndirilənlər arasında adları hələ açıqlanmayan yüksək rütbəli zabitlər də var.

Baş Prokurorluqdan qeyd olunub ki, cinayət işlərinin istintaqı bir neçə əsas istiqamətdə aparılır. Bunlar hərbi xidmətə çağırış və səfərbərlik zamanı pozuntular, müharibədən əvvəl və müharibə zamanı silah alınmasında mümkün korrupsiya sxemləri, Silahlı Qüvvələrə və ayrı-ayrı bölmələrə rəhbərlik edilməsində, habelə taktiki və strateji əməliyyatların həyata keçirilməsində cinayət pozuntuları, komandanlığın əmrlərinə tabe olmamaqdır.

Bundan əlavə, Ermənistan Milli Təhlükəsizlik Xidməti Şuşa və Hadrutun Azərbaycan Ordusu tərəfindən azad olunması barədə mediada və sosial şəbəkələrdə dərc olunan məlumatları araşdırmağa başlayıb.

Baş Prokurorluğun məhkəmə icraatlarına nəzarət üzrə nümayəndəsi Edqar Arsenyan bildirib ki, araşdırma Şuşa və Hadrut yaxınlığındakı döyüşlərlə bağlıdır.

Onun sözlərinə görə, bundan başqa, dövlətə xəyanət səbəbilə bir cinayət işi açılıb. Hərbi qulluqçuların valideynlərindən pul tələb etmə faktları üzrə isə beş cinayət işinə start verilib.