"Ölkəmizdə quş qiripi ilə bağlı monitorinqlər mütəmadi olaraq hər il aparılır və bu monitorinqlər mövsümi xarakter daşıyır. Monitorinqlər, əsasən, quşların miqrasiya dövrü nəzərə alınmaqla həyata keçirilir".

Unikal.org xəbər verir ki, bunu "Təhlükəsiz qida" onlayn verilişində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı üzrə risklərin və böhran vəziyyətlərinin idarəedilməsi sektorunun müdiri Ceyhun Əliyev deyib.

Agentlik rəsmisi bildirib ki, təmsil etdiyi qurum tərəfindən ötən il hazırlanmış plan əsasında Azərbaycanda aparılan monitorinqlər artıq yekunlaşıb. Onun sözlərinə görə, bu monitorinqlər 2020-ci ilin oktyabr ayından bu ilin aprel ayına qədər olan dövrü əhatə edib.

"Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına görə, bu xəstəliklərin insidentliyi aşağı düşmək üzrədir. Yəni, yeni xəstəliklərin baş verməsi tendensiyası nəzərəçarpacaq dərəcədə azalıb", - o əlavə edib.