Ulu öndər Heydər Əliyevin anadan olmasının 98 illiyi Lənkəranda geniş qeyd olunur.

Unikal.org xəbər verir ki, Lənkərandakı Heydər Əliyev Mərkəzində, rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, əmək kollektivlərində, gənclər təşkilatlarında karantin qaydaları gözlənilməklə müxtəlif səpgili silsilə tədbirlər, onlayn konfrans və görüşlər, ağacəkmə aksiyaları keçirilir.

Bu münasibətlə keçirilən ağacəkmə aksiyası zamanı təkcə Heydər Əliyev prospektində 1000-dən çox küknar, şam və digər həmişəyaşıl ağaclar əkilib aqro-texniki qulluq göstərilib.

Lənkəran ŞİH başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimai-siyasi təşkilatların təmsilçiləri, “Regional İnkişaf” İctimai Birliyin könüllüləri və ictimaiyyət nümayəndələri pandemiyanın tələblərinə uyğun şəkildə şəhərin Heydər Əliyev xatirə parkına gəlib Ulu Öndərin əzəmətli abidəsini ziyarət edib önünə tər çiçəklər düzməklə dahi şəxsiyyətə ehtiramlarını ifadə ediblər.

Sonra İcra başçısı və digər iştirakçılar Heydər Əliyev Mərkəzindəki müzeyə baş çəkib Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla bir daha tanış olublar. Həmin gün YAP Lənkəran Şəhər təşkilatının xəttilə Ulu Öndərin anadan olmasının 98 illiyinə həsr olunmuş onlayn konfrans keçirilib.

Yaşlı nəslin, müharibə və əmək veteranlarının, gənclərin iştirak etdiyi konfransda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərinin nəsillərə örnək olduğu, bugünkü uğurların, qazanılan möhtəşəm qələbələrin məhz onun əsasını qoyduğu və Azərbaycan Prezidenti İlham Əliyevin böyük uğurla davam etdirdiyi siyasi kursun bəhrələri olduğu diqqətə çatdırılıb.

Tarixi günlə bağlı rayonda xatirə tədbirləri davam etdirilir.