Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə mayın 9-da Bakı şəhərinin Qaradağ rayonunda ağacəkmə aksiyası keçirilib.

RİH-dən Unikal.org-a verilən məlumata görə, ağacəkmə aksiyası zamanı Bakı-Ələt (Astara) yolunun 18-ci km-nin sol hissəsində və Qaradağ rayonunun Lökbatan, Sahil, Ələt, Qobustan, Müşviqabad və digər qəsəbələrinin ərazisində tuya, sərv, eldar şamı, zeytun növlərindən olan ümumilikdə 1350 ağac əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib. 

Aksiya çərçivəsində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Ulu Öndərin adını daşıyan mədəniyyət və istirahət parkında, qəsəbələrdə salınmış park və xiyabanlarında bəzək və gül kolları əkilib, əvvəl əkilən gül və yaşıllıqlara qulluq olunub.

Ağacəkmə aksiyalarında rayonun rəhbər işçiləri, ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, gənclər iştirak ediblər.

10 may 2021-cu il tarixində isə Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin anadan olmasının 98-cı ildönümü ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin abidəsi önündə əklilqoyma mərasimi keçirildi.

Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov,  Rayonun Hüquq Mühafizə Orqanlarının rəhbərləri, başçının müavinləri və aparatın şöbə müdirləri iştirak edirdilər.