“Azərişıq” ASC işğaldan azad olunmuş əraziləri elektrik enerjisi ilə təchiz etmək üçün kompleks tədbirləri davam etdirir.

“Azərişıq” ASC Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq səhmdar cəmiyyət “Azərişıq Qarabağda” layihəsi çərçivəsində Suqovuşan ərazisində işləri yekunlaşdırıb.

İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 110/35/6 kv-luq Tərtər yarımstansiyasından 35 kV-luq yeni elektrik veriliş xətti çəkilib.

Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir. 35 kV-luq iki dövrəli xətt izolyasiyalı kabellə çəkilib.

Müqayisə üçün, bildirək ki, Suqovuşan ərazisinin elektrik təchizatını təmin etmək üçün müasir izolyasiyalı və mühafizəli 35 kV kabel xəttindən istifadə, ənənəvi elektrik veriliş xətlərinə nisbətən xəttin texniki itkilərini 2,3 dəfə, illik qəza və planlı açılmalar sayını 25-30 dəfə, sərt iqlim şəraitində, qarlı və buzlu havalarda qəza təhlükəsini dəfələrlə, istifadə olunan dayaqlara çəkilən xərcləri 3-5 dəfə, istismar və saxlanma xərclərini 4 dəfə azaltmaqla yanaşı, əhalinin həyat və sağlamlığına təhlükə ehtimalı aradan qaldırılır, hər 1 km elektrik xəttinin mühafizə zonasına görə 5 dəfədən artıq faydalı torpaq sahəsinin istifadəsinə imkan verir.

Ümumilikdə, Suqovuşan elektrik Veriliş Xəttinin 35 kV müasir tip kabel ilə çəkilməsi nəticəsində şəbəkənin etibarlığının artırılması təmin edilib.

Suqovuşan qəsəbəsinin daxili şəbəkəsində isə 0.4 kv hava xətləri bərpa edilib, yeni SİP kabellər çəkilib. Artıq qəsəbə elektrik enerjisi ilə təmin olunub.