“Uzun illər ərzində Ermənistanın liderləri özləri haqqında, öz tarixləri haqqında bir mifologiya quraraq vətəndaşlarının beyinlərini zəhərləyirdi”. 

Unikal.org xəbər verir ki, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, onlardan bəziləri, bəlkə də bir çoxu bu miflərə həqiqətən də inanmağa başladılar: “Orada baş verənlərə yaxından nəzər saldıqdan sonra gördük ki, indiki Ermənistan cəmiyyətinin faciəsi ondan ibarətdir ki, onların bir çoxu Qarabağın onların olmasına həqiqətən də inanmağa başlamışdır. Onların heç biri özlərinə sual vermirdi ki, bəs niyə onda bu ərazi "Qarabağ" adlanır? Hansı ki, bu söz erməni dilində heç bir məna kəsb etmir. Əgər bu qədim erməni torpağıdırsa, niyə Sovet dövründə Qarabağın, o zamankı Dağlıq Qarabağın əsas şəhərinə, bolşevik-terrorçu Stepan Şaumyanın şərəfinə Stepanakert adı verilmişdi? Əgər ora qədim erməni şəhəri idisə, onlar niyə onun adını dəyişdirmədilər? Onların heç tarixdən xəbərləri yoxdur. Şuşanın Azərbaycan xanı Pənahəli xan tərəfindən 1752-ci ildə əsası qoyulduğunu bilmək üçün təkcə “Wikipediya”ya baxmaq yetərlidir. İşğaldan öncə orada həmişə azərbaycanlılar yaşamışlar. İşğaldan sonra onlar bizim şəhərlərin adlarını dəyişdirmişdilər. Onlar Şuşanın adını dəyişdirib, “Şuşi” etmişdilər. Yenə də, “Şuşi” sözünün erməni dilində heç bir mənası yoxdur. Lakin Şuşanın mənası var. Şuşa "şüşə" deməkdir. Şüşə, çünki orada hava şüşə kimi təmizdir. Ağdamın adını dəyişdirib, Akna adlandırmışdılar. Fizulinin adını dəyişdirib Varandi və ya buna bənzər bir şey etmişdilər. 

Onlar hər şeyi dəyişmişdilər və inanmağa başlamışdılar ki, bu ərazilər həqiqətən də onlara məxsusdur. Bu, faciədir. Ermənistan cəmiyyətinin faciəsi. Vaxtlarını boşa sərf etdiklərini anlamaları üçün onlar həqiqətən də öz ideoloji doqmalarını dəyişməlidirlər, müalicə almalıdırlar. Mən kobudluq etmək, kimisə təhqir etmək istəməzdim. Lakin, doğrudan da, onlar psixologiyalarını dəyişməli və özlərinin yaratdıqları və inanmağa başladıqları mifik ideoloji doqmalara son qoymalıdırlar. Bu xüsusda, bir müddət keçəndən sonra, düşünürəm ki, onlar bunu başa düşəcəklər və ümid edirəm ki, Nizami Mərkəzi öz səyləri ilə onlara bu işdə köməklik göstərə bilər”.