“Ölkədə ara qarışdıranlar var. Daxili işlər nazirimiz Süleyman Soylunu hədəf alan hücumların arxasında ölkədəki sakitlikdən narahat olanlar dayanır. Cinayətkar qruplarla mübarizədə daxili işlər nazirimizin yanında olmuşuq, indi də yanındayıq, gələcəkdə də yanında olacağıq”.

Unikal.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırımın oğlu haqqında yayılan iddialara da münasibət bildirib: “Dostumuz Binəli Yıldırımın oğlu vasitəsilə hədəfə alınması əsil niyyəti göstərən bir başqa sübutdur. Allahın köməkliyi ilə bu oyunu da pozacağıq. Buradan Kemal Kılıçdaroğlu və Meral Akşenə səslənirəm ki, bu məsələdən sizə heç bir xeyir olmayacaq, əbəs yerə zəhmət çəkməyin.

Cinayətkar dəstənin üzvlərini dünyanın hər bir yerində izləyirik. Onları ölkəmizə gətirib qanun qarşısında cavab vermələrini təmin edənədək bu işdən əl çəkməyəcəyik. Lazımi cavablar da aidiyyəti şəxslər tərəfindən verilib. Köhnə Türkiyə xəstəliyi olanlar cəmiyyətimizi cinayətkar qrupların əli ilə yenidən qurmaq cəhdlərinin sürətləndirdiklərini görürük. Bu metodu FETÖ da uzun illər məkrli şəkildə istifadə ediblər”.

Qeyd edək ki, Türkiyənin beynəlxalq axtarışa verdiyi mütəşəkkil qruplaşma rəhbəri Sedat Peker daxili işlər naziri Süleyman Soylu barədə videolar yayaraq müxtəlif iddialar səsləndirir.